Kolleclərə qəbul ilə bağlı növbəti ilin hədəfləri müəyyənləşdirilir

20 Noyabr, 2026 - 15:21
Kolleclərə qəbul ilə bağlı növbəti ilin hədəfləri müəyyənləşdirilir

"Orta ixtisas təhsili müəssisələrinə 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri təhlil edilir, növbəti il üçün qəbul planlaşdırılmasının əsas istiqamətləri müzakirə olunur".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə orta ixtisas təhsili müəssisələrinin rəhbər heyəti üçün tələbə qəbulunun nəticələri və növbəti dövrün planlaşdırılması ilə bağlı təlim keçirilir:

“Ənənəvi olaraq hər il Elm və Təhsil Nazirliyinin tabeliyində olan peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə tələbə qəbulunun nəticələri müzakirə edilir. Hazırkı təlimin əsas məqsədi 2026/2027-ci tədris ili üzrə qəbul nəticələrini təhlil etmək və növbəti il üçün tələbə qəbulunun planlaşdırılmasında düzgün istiqamətləri müəyyənləşdirməkdir. Eyni zamanda, tədbirdə Azərbaycanın 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının nəticələri də müzakirə olunur. Növbəti illər üçün nəzərdə tutulan istiqamətlər üzrə birgə fəaliyyət imkanlarının müəyyənləşdirilməsi də əsas hədəflərdəndir”, - deyə o qeyd edib.