"Maarifçi"nin məzunlarının sayı 150 nəfəri ötəcək – Aparat rəhbəri

20 Noyabr, 2026 - 10:21
"Maarifçi"nin məzunlarının sayı 150 nəfəri ötəcək

“Maarifçi” forumu bu formatda ilk dəfə keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu IV Maarifçi tələbə-məzun forumunda çıxışı zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli deyib.

Onun sözlərinə görə, forumun məzmunu da maarifçilər tərəfindən hazırlanıb: “Forumun mövzusu – insan kapitalı və əmək bazarı çox maraqlı mövzudur”.

Aparat rəhbəri qeyd edib ki, IV “Maarifçi” proqramının həyata keçirilməsi üçün 760 saat vaxt sərf olunub:

“İnzibati heyətin və işçi qrupunun sərf etdiyi vaxtı da hesablasaq, bu, minlərlə saat edir. Hər bir həmkarımın adından deyirəm ki, əməyimiz məzunlara halal olsun. Bütün məzunlara da təşəkkürlərimi bildirirəm”.

M.Kərimli bildirib ki, IV “Maarifçi” proqramının 50 məzunu var: “Məzunlarımızın sayı 150 nəfəri ötəcək. Bu, artıq böyük bir icmadır. Burada əsas töhfə əlaqələrin qurulması, birlikdə öyrənmək və dəyər yaratmaq prosesidir. Bu bizim öz imkanlarımız və miqyasımız daxilində insan kapitalına verə bildiyimiz töhfədir”.

O bildirib ki, layihə ilk dəfə başladıqda onlara inanmayan həmkarları da olub:

“Ən böyük uğurlarımızdan biri bu gün həmin həmkarlarımızın ən böyük dəstəkçilərimizdən olmasıdır. Xoşdur ki, regionlara səfər edəndə maarifçilərimizin proseslərdə fəal iştirak etdiyini görürük”.

Aparat rəhbəri vurğulayıb ki, təcrübə regionlarda “Maarifçi” proqramının özünü doğrultduğunu göstərir:

“Biz regionlarda daha çox maarifçi görmək istərdik. Bunun üçün onların mütləq həmin regionda yaşaması şərt deyil. Bakıda və ya digər yerlərdə yaşayan maarifçilər də regionlara gedə bilərlər. Biz də onlar üçün müvafiq şərait yaradaq”.