Özbəkistan 12 illik təhsilə keçir
Özbəkistan deputatları altı yaşlı uşaqlar üçün birillik hazırlıq təhsilinin ümumi orta təhsil sisteminə daxil edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul ediblər. Yeni qaydaya əsasən, bu təhsil mərhələsi məcburi və ödənişsiz olmalıdır. Müzakirələr zamanı maliyyələşmə, yerlərin çatışmazlığı və hüquqi ziddiyyətlərlə bağlı suallar da yaranıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, sənəddə məktəbəqədər və məktəb təhsilinin inteqrasiyası, təhsilin fasiləsizliyinin təmin edilməsi və ümumi təhsil müddətinin 12 il olacağı sistemə keçid nəzərdə tutulur.
Bununla belə, söhbət əlavə 12-ci sinfin yaradılmasından deyil, altı yaşlı uşaqlar üçün mövcud olan birillik hazırlıq təhsilinin ümumi orta təhsil sisteminə daxil edilməsindən gedir. Bu mərhələdən sonra uşaqlar əvvəlki qaydada 1-ci sinifdən 11-ci sinfə qədər təhsil alacaqlar.
Yeni model uşaqların birinci sinfə daha keyfiyyətli hazırlanmasına, ilkin bilik və bacarıqları arasındakı fərqlərin azaldılmasına, həmçinin Özbəkistanın təhsil sisteminin beynəlxalq standartlara yaxınlaşdırılmasına xidmət edəcək.
Məryəm Tarverdiyeva




