BDU-nun yeni rektoru universitetlə bağlı hədəflərindən DANIŞDI

20 Noyabr, 2026 - 10:43
BDU-nun yeni rektoru universitetlə bağlı hədəflərindən

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə fəaliyyətinin ilkin mərhələsində universitetin mövcud vəziyyətinin öyrənilməsinə, kollektivlə açıq dialoqun qurulmasına və tələbələrin fikirlərinin dinlənilməsinə üstünlük verəcəyini bildirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) keçmiş sədri, BDU-nun rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında paylaşım edib.

O, Prezident İlham Əliyevə göstərdiyi etimada görə minnətdarlığını bildirib və yeni vəzifəyə təyin olunmasını böyük şərəf kimi qiymətləndirib.

“Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır. Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır. İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər”, - deyə M.Abbaszadə vurğulayıb.

Yeni rektor DİM-dəki fəaliyyət illərinə də toxunaraq kollektivlə vidalaşdığını, imtahan sisteminin inkişafı istiqamətində birgə görülən işləri yüksək qiymətləndirdiyini qeyd edib.

O xatırladıb ki, 1999-cu ildə internet vasitəsilə vətəndaşlara məlumat çatdırılması istiqamətində ilk addımlar atılıb. Sonrakı illərdə əsas məqsədlərdən biri ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşların imtahan qaydaları və nəticələri barədə şəffaf, əlçatan məlumat əldə etməsini təmin etmək olub.

M.Abbaszadə uzun illər birlikdə çalışdığı həmkarlarına təşəkkür edərək DİM-də qurulan sistemi onlara etibarla həvalə etdiyini bildirib.

Qeyd edək ki, Məleykə Abbaszadə Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.