ADNSU Qazaxıstanda keçirilən beynəlxalq forumda təmsil olunub

19 Noyabr, 2026 - 16:34
ADNSU Qazaxıstanda keçirilən beynəlxalq forumda təmsil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qazaxıstan – Akademik Bilik Məkanı” adlı forum dünyanın müxtəlif ölkələrindən ali təhsil müəssisələrinin rəhbərlərini, beynəlxalq təşkilatların nümayəndələrini, elm və təhsil sahəsində fəaliyyət göstərən ekspertləri bir araya gətirib.

Forumun açılışında Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek iştirak edərək çıxış edib. Tədbirdə ali təhsilin beynəlmiləlləşməsi, universitetlər arasında strateji tərəfdaşlıqların genişləndirilməsi, birgə təhsil proqramlarının inkişafı, akademik mobillik, elmi tədqiqatların beynəlxalq inteqrasiyası və innovasiya ekosistemlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov və universitetin Protokol xidmətinin rəhbəri Müqəddəs Əzizzadə forumda iştirak ediblər.

Forum çərçivəsində beynəlxalq akademik əməkdaşlığın inkişafına yönəlmiş sənədlərin imzalanması və mübadiləsi mərasimi təşkil edilib. Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbekin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Qazaxıstanın Beynəlxalq Mühəndislik və Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum iki ali təhsil müəssisəsi arasında akademik və elmi əlaqələrin genişləndirilməsi, birgə tədqiqat təşəbbüslərinin inkişafı, professor-müəllim heyəti və tələbələrin akademik mübadiləsi, eləcə də mühəndislik və texnologiya istiqamətlərində qarşılıqlı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır.

ADNSU nümayəndə heyətinin forumda iştirakı universitetin beynəlxalq akademik mühitə inteqrasiyasının gücləndirilməsi, xarici ali təhsil müəssisələri ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və elmi-tədqiqat potensialının inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin davamıdır.

ADNSU Qazaxıstanda keçirilən beynəlxalq forumda təmsil olunub