Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
IV sinif riyaziyyat dərsliklərinə onluq kəsrlərin tanınması, müqayisəsi və yeni mərtəbəyə keçmədən toplama-çıxma əməlləri ilə bağlı üç mövzu daxil edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru, dərslik müəllifi Zaur İsayev riyaziyyat dərsliklərinin ictimai müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu dəyişiklik beynəlxalq TIMSS qiymətləndirməsinin nəticələrinin və digər ölkələrin tədris təcrübəsinin təhlili əsasında həyata keçirilib:
“TIMSS nəticələrini təhlil edərkən gördük ki, şagirdlərimizin onluq kəsrlərlə bağlı müəyyən bacarıqlarında geriləmələr var. Digər ölkələrin təcrübəsini araşdırdıqda məlum oldu ki, yaşıdları bu bilikləri daha erkən mənimsəyirlər. Buna görə də IV sinfə eksperiment olaraq onluq kəsrlərlə bağlı üç mövzu daxil etdik. Bunlar onluq kəsrlərin tanınması, müqayisəsi və yeni mərtəbəyə keçmədən toplama-çıxma əməlləridir. Məsələn, 1,2 ilə 2,5-in toplanması kimi sadə tapşırıqlardan söhbət gedir. İlkin mərhələdə müəllimlər arasında müəyyən narahatlıq yaransa da, pilot dərslərdə aparılan müşahidələr bu mövzuların şagirdlər tərəfindən normal mənimsənildiyini göstərdi”.
Z.İsayev ibtidai təhsildən ümumi orta təhsilə keçidin də riyaziyyat dərsliklərinin hazırlanmasında xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib.
O qeyd edib ki, adi kəsrlərin tədrisinə II sinifdən başlanılır, IV sinifdə məxrəcləri bərabər olan kəsrlərin müqayisəsi, toplanması və çıxılması öyrədilir. V sinifdə isə müxtəlif məxrəcli kəsrlərlə əməllərin tədrisi əsasən tamamlanır.
Riyaziyyat dərsliklərinin müəllifinin sözlərinə görə, IV və V siniflər arasında həm məzmun, həm də struktur baxımından ardıcıl keçidin təmin olunmasına çalışılıb.
Z.İsayev əlavə edib ki, IV sinifdə şagirdlər sütunlu və dairəvi diaqramları oxumağı öyrənirlər, V sinifdə isə həmin diaqramların qurulmasına keçirlər.




