Riyaziyyat kurikulumunda bəzi mövzular ixtisar edilib

19 Noyabr, 2026 - 11:15
Riyaziyyat kurikulumunda bəzi mövzular ixtisar edilib

Təkmilləşdirilmiş riyaziyyat fənn kurikulumunda V sinifdən etibarən “Ölçmə” ayrıca məzmun xətti kimi çıxarılıb, bəzi mürəkkəb mövzular isə ixtisar olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib.

O qeyd edib ki, dəyişikliklər mövcud proqramın təhlili və məzmunun optimallaşdırılması nəticəsində həyata keçirilib:

“Təhlil zamanı gördük ki, IV sinifdən sonra “Ölçmə” məzmun xəttinə aid altstandartların sayı çox azdır. Hesab etdik ki, həmin standartlar digər məzmun xətlərində də verilə bilər. Buna görə də V sinifdən etibarən “Ölçmə” ayrıca məzmun xətti kimi saxlanılmayıb. Eyni zamanda, bəzi mövzular tamamilə, bəziləri isə qismən məzmundan çıxarılıb. Məqsədimiz fənn proqramında mövcud olan yüklənməni müəyyən qədər azaltmaqdır. Təkmilləşdirmə zamanı mövzuların zəruriliyi və tədrisdəki əhəmiyyəti nəzərə alınıb”.

M.Məhərrəmov ixtisar olunan mövzulara nümunə olaraq triqonometrik bərabərsizliklər və bərabərsizliklər sistemi ilə bağlı məzmunu göstərib.

O, kompleks ədədlər mövzusuna da yenidən baxıldığını, bu bölmənin müəyyən qədər ixtisar edildiyini və kompleks ədədlərin triqonometrik şəklinin proqramdan çıxarıldığını bildirib.