Həndəsi təsəvvürlərin daha erkən yaşlarda formalaşdırılmasına diqqət yetirilib - ARTİ
Təkmilləşdirilmiş riyaziyyat fənn kurikulumunda adi kəsrlərin tədrisinə III sinifdən başlanılır. Mövzunun əsas hissəsinin V sinifdə tamamlanması, VI sinifdə isə tətbiqinə yer verilməsi nəzərdə tutulur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib.
Onun sözlərinə görə, təkmilləşdirmə zamanı həndəsi təsəvvürlərin daha erkən yaşlarda formalaşdırılmasına da diqqət yetirilib:
“Həndəsə bizim bir qədər həssas istiqamətlərimizdən biridir. Həndəsi təsəvvürlərin şagirdlərdə daha erkən formalaşması üçün bu sahəyə aid bəzi altstandartları aşağı siniflərə keçirdik. Eyni zamanda, ƏBOB və ƏKOB-un V sinifdə siyahı vasitəsilə tapılmasına, bu anlayışların konseptual şəkildə mənimsənilməsinə yer verdik. Əvvəlki kurikulumda oxşarlığa aid altstandart yox idi, onu da əlavə etdik. Bu kimi dəyişikliklərlə riyaziyyatın məzmununu təkmilləşdirməyə çalışdıq”.
M.Məhərrəmov bildirib ki, kurikulumun hazırlanması zamanı müəllimlərin, Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin, Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin, eləcə də ali təhsil müəssisələrinin müvafiq kafedralarının rəyləri alınıb.
“İlk mərhələdə Təhsil İnstitutunda müəllimlərlə görüşlər keçirdik, onların təkliflərini dinlədik. Təkmilləşdirilmiş sənədlə bağlı da müəllimlərin fikirlərini öyrəndik. Sonrakı mərhələdə Dövlət İmtahan Mərkəzinin mütəxəssislərindən, Riyaziyyat və Mexanika İnstitutunun alimlərindən və ali məktəblərin müvafiq kafedralarının müəllimlərindən rəy aldıq. Onlarla ayrıca müzakirələr də təşkil etdik. Təqdim olunan rəylər kurikulumun təkmilləşdirilməsi prosesində nəzərdən keçirildi”, - deyə o qeyd edib.




