Məktəbəqədər təhsilin əhatə dairəsi 15 ildə iki dəfədən çox genişlənib
Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların sayı artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Təhsil, elm və mədəniyyət” statistik məcmuəsində öz əksini tapıb.
Statistikaya əsasən, 2011-ci ildə məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların xüsusi çəkisi 18,9 faiz olmuşdusa, bu göstərici 2026-cı ildə 39,9 faizə yüksəlib.
2011-ci ildə müqayisədə 2026-ci ildə şəhər yerlərində məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların sayı 25,8 faizdən 56 faizə, kənd yerlərində isə 11,9 faizdən 25 faizə çatıb.
Məktəbəqədər təhsil müəssisələrinin sayı da ötən 15 ildə şəhər yerlərində 920-dən 1147-yə, kənd yerlərində isə 718-dən 727-yə çatıb.




