Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanlarının tarixləri AÇIQLANDI

13 Noyabr, 2026 - 11:00
Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanlarının tarixləri

Dekabrın 5–6-da dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçiriləcək.

Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, təhsilverənlərin peşə yararlılığının göstəriciləri məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika, əməkdaşlıq və özünüinkişaf sahələri üzrə qruplaşdırılıb. İştirakçılara bu istiqamətlər nəzərə alınmaqla məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim olunacaq.

Test imtahanı kompüter vasitəsilə elektron qaydada keçiriləcək və iştirakçılara sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar və cavablandırılmayan suallar isə 0 balla qiymətləndiriləcək və düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

Qeyd olunub ki, sertifikatlaşdırmanın keçirilməsində əsas məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını müəyyənləşdirməkdir.

Sertifikatlaşdırma prosesinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş iştirak şərtləri və prosesdə iştirak etməyən şəxslərə dair istisnalar nəzərə alınacaq.

Belə ki, müvafiq qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağı üç yaşınadək olan və sosial məzuniyyətdə olan, eləcə də həmin məzuniyyət başa çatdıqdan sonra müvafiq vəzifədə bir ildən az müddətdə çalışan qadınlar, habelə uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmaya cəlb edilməyəcəklər. Eyni zamanda, ilk dəfə işə qəbul olunan şəxslər üç il müddətində, azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər isə bu prosesdən azaddırlar. Yaşı 60 və daha yuxarı olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü xarakter daşıyır.

Məlumata görə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması müvafiq qanunvericiliyin tələblərinə uyğun təşkil olunacaq. İmtahanların 14 şəhər üzrə 21 mərkəzdə keçirilməsi və prosesdə 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir.

Sertifikatlaşdırmanın keçiriləcəyi vaxt və məkan barədə məlumatlar artıq iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Test imtahanı mərhələsinin nəticələri proqram təminatı vasitəsilə avtomatlaşdırılmış qaydada hesablanacaq və hər bir təhsilverənin topladığı bal imtahan başa çatdıqdan dərhal sonra ona elan ediləcək.