Tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması ilə bağlı AÇIQLAMA

13 Noyabr, 2026 - 13:07
Tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması ilə bağlı

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji heyətin sertifikatlaşdırılması mexanizminin yaradılması və sertifikatlaşdırmanın həmin dövrün sonunadək həyata keçirilməsi əsas hədəf kimi müəyyən edilib”.

Bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

Onun sözlərinə görə, qeyd edilən dövr ərzində məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin mexanizmi və qaydaları hazırlanaraq geniş ictimaiyyətə təqdim olunub:

“İlk növbədə qeyd edim ki, sertifikatlaşdırma prosesi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının obyektiv qiymətləndirilməsi məqsədi daşıyır. Bu qiymətləndirmə prosesi təhsilverənlərin bilik, bacarıq və pedaqoji keyfiyyətlərini dəyərləndirməklə yanaşı, keyfiyyətli təhsil mühitinin təmin olunmasına dəstək vermək baxımından da xüsusi əhəmiyyətə malikdir”.

Z.Sevdimalı bildirib ki, cari il dekabrın 5-də və 6-da məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər və metodistlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək. Bu mərhələdə təxminən 9 min nəfərin iştirakı nəzərdə tutulub.

Agentlik rəsmisi qeyd edib ki, oktyabr ayı ərzində 12 regional təhsil idarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi üzrə məktəbəqədər təhsil müəssisələrində çalışan 5461 tərbiyəçi-müəllimlə sertifikatlaşdırma prosesinə dair təlimat xarakterli görüşlər keçirilib:

“Eyni zamanda, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən tərbiyəçi-müəllimlərin sertifikatlaşdırma prosesinə hazırlığını dəstəkləmək məqsədilə noyabr ayında məlumatlandırma və dəstək vebinarları təşkil olunub. Bütün bu görüşlər sertifikatlaşdırmanın qiymətləndirmə çərçivəsi, prosesin təşkili qaydaları, təhsilverənlərin hüquq və vəzifələri, eləcə də psixoloji hazırlıq və stressin idarə olunması mövzularını əhatə edib. Müvafiq mövzular və məlumatlar imtahanda iştirak edəcək namizədlərin diqqətinə çatdırılıb”.