Oyuncaqları yığmaq da öyrənməyin bir yoludur - Mütəxəssis

26 Oktyabr, 2026 - 15:24
Oyuncaqları yığmaq da öyrənməyin bir yoludur

Oyuncaqları saymaq, rənglərinə və ölçülərinə görə ayırmaq, istifadə etdikdən sonra yerinə yığmaq məktəbəqədər yaşlı uşaqların gündəlik fəaliyyətləri sırasındadır. Bəs bu fəaliyyətlər uşaqlarda hansı bilik və bacarıqların formalaşmasına kömək edir? Bağçada öyrənilənlərin evdə möhkəmləndirilməsi üçün valideynlər nələrə diqqət yetirməlidirlər?

“Azərbaycan müəllimi”nə açıqlamasında Təhsil İnstitutunun (ARTİ) böyük elmi məsləhətçisi, dosent Laləzar Cəfərova bildirib ki, uşaqlar gündəlik fəaliyyətlər vasitəsilə həm yeni biliklər qazanır, həm də onları praktikada tətbiq etməyi öyrənirlər:

“Oyuncaqları saymaq uşaqlarda ilkin riyazi təsəvvürlərin, sayma bacarığının və kəmiyyət anlayışının formalaşmasına kömək edir. Oyuncaqları rənglərinə, formasına və ölçüsünə görə qruplaşdırmaq müqayisəetmə, fərqləndirmə, təsnifetmə və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirir. Uşaq bu zaman əşyaların oxşar və fərqli cəhətlərini müəyyənləşdirməyi, onların xüsusiyyətləri arasında əlaqə qurmağı öyrənir”.

Onun sözlərinə görə, oyuncaqları yerinə yığmaq kimi sadə fəaliyyətlər uşaqların yalnız səliqəli olmasına deyil, müstəqillik, məsuliyyət və özünəxidmət bacarıqlarının inkişafına da kömək edir:

“Uşaqlar əşyaların yerini yadda saxlamağı, verilmiş tapşırığı ardıcıllıqla yerinə yetirməyi və ümumi qaydalara əməl etməyi öyrənirlər. Bu fəaliyyətlər onların nitq inkişafına da töhfə verir. Tərbiyəçi-müəllim uşaqlara "Neçə oyuncaq var?", "Hansı rəngdə olan oyuncaqlar daha çoxdur?" kimi suallar verməklə onların müşahidələrini sözlə ifadə etmələrinə və yeni anlayışlar mənimsəmələrinə şərait yarada bilər”.

L.Cəfərova qeyd edib ki, gündəlik işlərin öyrənmə prosesinə daxil edilməsi üçün ayrıca məşğələlər təşkil etmək hər zaman zəruri deyil:

“Öyrənmə gündəlik fəaliyyətin təbii axarında təşkil edilməlidir. Məsələn, süfrə hazırlayarkən uşaqlardan qaşıqları saymaq, eyni rəngli qabları seçmək, tikinti materiallarını ölçüsünə görə ayırmaq, gəzinti zamanı yarpaqları müqayisə etmək xahiş oluna bilər. Burada tərbiyəçi-müəllimin rolu hazır cavabları təqdim etməkdən daha çox uşağın düşünməsinə, müşahidə aparmasına və özü nəticəyə gəlməsinə şərait yaratmaqdır”.

Dosent bildirib ki, bu fəaliyyətlər uşaqların yaşına və fərdi inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Kiçikyaşlı uşaqlara əşyaları sadə əlamətlərinə görə ayırmaq, daha böyük uşaqlara isə onları bir neçə xüsusiyyətinə görə qruplaşdırmaq və seçimlərini izah etmək təklif oluna bilər.

L.Cəfərova uşaqların gündəlik fəaliyyətlər vasitəsilə öyrənməsində ailə ilə məktəbəqədər təhsil müəssisəsinin əməkdaşlığına da diqqət çəkib:

“Uşağın inkişafı uşaq bağçasında və evdə ayrı-ayrılıqda baş verən proses deyil. Bu iki mühitdə yaradılan imkanlar bir-birini tamamladıqda uşaq qazandığı bilik və bacarıqları müxtəlif şəraitlərdə tətbiq edir, onları möhkəmləndirir və tədricən müstəqil fəaliyyət vərdişlərinə çevirir”.

Onun sözlərinə görə, valideynlərə ev şəraitində tətbiq edə biləcəkləri sadə və yaşa uyğun tövsiyələr verilməlidir:

“Məsələn, bağçada uşaqlar əşyaları rənglərinə və ölçülərinə görə ayırmağı öyrənirlərsə, evdə paltarları rənglərinə görə qruplaşdırmaq, oyuncaqları ölçülərinə uyğun yerləşdirmək və ya süfrə hazırlayarkən boşqabları saymaq kimi fəaliyyətlər təşkil edilə bilər. Beləliklə, uşaq bağçada qazandığı bacarığı real həyat şəraitində tətbiq etmək imkanı əldə edir”.

L.Cəfərova onu da vurğulayıb ki, valideynlər uşaqların gündəlik işlərdə müstəqil iştirakını dəstəkləməlidirlər:

“Valideynlərin diqqət yetirməli olduğu əsas məqamlardan biri uşağın əvəzinə işi görmək deyil, onun müstəqil fəaliyyətinə şərait yaratmaqdır. Uşağın oyuncaqlarını yığması, geyimlərini qaydaya salmağa çalışması, süfrə hazırlığında iştirak etməsi və sadə ev işlərinə kömək göstərməsi onun müstəqilliyinin və məsuliyyət hissinin inkişafı baxımından əhəmiyyətlidir.

Bundan əlavə, bağçada öyrədilən davranış və bacarıqların evdə də dəstəklənməsi uşaqların gündəlik vərdişlərinin möhkəmlənməsinə kömək edir. Bu zaman valideynlər uşağın yaşını, maraqlarını və fərdi imkanlarını nəzərə almalı, onun cəhdlərini qiymətləndirməli və öyrənməyə marağını artırmalıdırlar".