Bağça müəllimlərinin sertifikatlaşdırılmasında kimlər iştirak edə bilməyəcək? 

13 Noyabr, 2026 - 11:08
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında kimlər iştirak edə bilməyəcək? 

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan bəzi kateqoriyadan olan təhsilverənlər sertifikatlaşdırma prosesinə cəlb edilməyəcəklər.

Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, sertifikatlaşdırma prosesinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş iştirak şərtləri və istisnalar nəzərə alınacaq.

Belə ki, müvafiq qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağı üç yaşınadək olan və sosial məzuniyyətdə olan, eləcə də həmin məzuniyyət başa çatdıqdan sonra müvafiq vəzifədə bir ildən az müddətdə çalışan qadınlar, habelə uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmaya cəlb edilməyəcəklər.

Eyni zamanda, ilk dəfə işə qəbul olunan şəxslər üç il müddətində, azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər isə bu prosesdən azaddırlar.

Yaşı 60 və daha yuxarı olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü xarakter daşıyır.