9 minə yaxın bağça müəllimi sertifikatlaşdırmada iştirak edəcək
Dekabrın 5–6-da keçiriləcək dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir.
Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, sertifikatlaşdırma müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 14 şəhər üzrə 21 mərkəzdə təşkil ediləcək.
İmtahanın keçiriləcəyi vaxt və yer barədə məlumatlar artıq iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Qeyd olunub ki, test imtahanı mərhələsinin nəticələri proqram təminatı vasitəsilə avtomatlaşdırılmış qaydada hesablanacaq və hər bir təhsilverənin topladığı bal imtahan başa çatdıqdan dərhal sonra ona elan ediləcək.




