Elnarə Akimova: Qiymətləndirmədə müəllimin pedaqoji fəaliyyətinə diqqət yetirilməlidir

23 Noyabr, 2026 - 11:50
Elnarə Akimova: Qiymətləndirmədə müəllimin pedaqoji fəaliyyətinə diqqət yetirilməlidir

“Məktəbəqədər yaş dövrü uşağın şəxsiyyətinin, idrak qabiliyyətlərinin, nitqinin, sosial davranışlarının və emosional dünyasının formalaşdığı ən həssas və mühüm inkişaf mərhələsidir”. 

Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova deyib.
Onun sözlərinə görə, bu dövrdə uşağa verilən təlim-tərbiyənin keyfiyyəti onun yalnız məktəbə hazırlıq səviyyəsinə deyil, gələcək təhsil nailiyyətlərinə, ünsiyyət bacarıqlarına və cəmiyyətə inteqrasiyasına da ciddi təsir göstərir:

“Ona görə də məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin peşə kompetensiyalarının mütəmadi qiymətləndirilməsi təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən davamlı inkişaf mexanizmi kimi dəyərləndirilməlidir.

Burada əsas məsələ tərbiyəçinin və ya müəllimin yalnız nəzəri biliklərinin deyil, həmin bilikləri uşaqlarla gündəlik iş prosesində nə dərəcədə səmərəli tətbiq edə bilməsinin müəyyənləşdirilməsidir. Çünki məktəbəqədər təhsildə peşəkarlıq uşağın yaş və fərdi xüsusiyyətlərini tanımaq, onun maraq və ehtiyaclarına uyğun fəaliyyət qurmaq, oyun vasitəsilə öyrənməni təşkil etmək, nitq və təfəkkür inkişafını stimullaşdırmaq, emosional təhlükəsiz mühit yaratmaq bacarığında özünü göstərir.
Mütəmadi qiymətləndirmə bu bacarıqlardakı güclü və inkişaf etdirilməli tərəfləri üzə çıxarmağa imkan verir. Nəticədə təhsilverənlər üçün məqsədyönlü təlimlər, metodiki dəstək və peşəkar inkişaf proqramları təşkil edilə bilər. Bu isə pedaqoji fəaliyyətin daha planlı və uşağın inkişafına yönəlmiş şəkildə qurulmasına şərait yaradır”.

Müsahibimiz qeyd edib ki, beynəlxalq təcrübə də bu yanaşmanın əhəmiyyətini təsdiqləyir:
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırması göstərir ki, məktəbəqədər təhsilin keyfiyyəti, ilk növbədə, uşaqlarla təhsilverənlər arasında qurulan gündəlik münasibətlərin və qarşılıqlı ünsiyyətin səviyyəsindən asılıdır. Araşdırmada iştirak edən 17 ölkə və inzibati ərazi üzrə toplanmış məlumatlar peşəkar hazırlığın və davamlı inkişaf imkanlarının təhsilverənlərin öz işinə inamını, uşaqlarla işləmək bacarıqlarını gücləndirdiyini ortaya qoyur. Eyni zamanda, iş yerində təcrübəyə əsaslanan öyrənmə, həmkarlarla əməkdaşlıq və peşəkar məsləhət kimi üsulların əhəmiyyəti xüsusi vurğulanır.

Bu baxımdan, qiymətləndirmə zamanı yalnız sənədlərə, diplomlara və nəzəri biliklərə deyil, təhsilverənin real pedaqoji fəaliyyətinə diqqət yetirilməlidir. Onun uşaqlarla ünsiyyət tərzi, fərdi yanaşma bacarığı, oyun əsaslı öyrənməni təşkil etməsi, inklüziv mühit yaratması, uşaqların inkişafını müşahidə və təhlil etməsi, valideynlərlə əməkdaşlığı əsas meyarlar sırasında olmalıdır. Çünki eyni yaş qrupunda olan uşaqların belə inkişaf tempi, maraqları və öyrənmə ehtiyacları fərqlənir. Peşəkar təhsilverən bu fərqləri nəzərə alaraq hər bir uşağın potensialını üzə çıxarmağı bacarmalıdır.
Bununla yanaşı, qiymətləndirmənin nəticələri mütləq konkret inkişaf tədbirləri ilə müşayiət olunmalıdır. Aşkar edilən çatışmazlıqlar təhsilverənin fəaliyyətinə mənfi qiymət vermək üçün deyil, onun əlavə təlimə, metodiki dəstəyə və təcrübə mübadiləsinə ehtiyacını müəyyənləşdirmək üçün əsas olmalıdır. Əks halda, qiymətləndirmə formal hesabatlılıq səviyyəsində qala bilər. Ən səmərəli yanaşma müşahidə, özünüqiymətləndirmə, metodiki təhlil, həmkar rəyi və məqsədyönlü ixtisasartırma tədbirlərinin bir-birini tamamlamasıdır”.

Deputat hesab edir ki, bu prosesin mərkəzində qiymətləndirilən təhsilverən deyil, onun fəaliyyətindən faydalanan uşaq dayanmalıdır:

“Qiymətləndirmənin uğuru neçə nəfərin yüksək və ya aşağı nəticə göstərməsi ilə deyil, onun nəticəsində pedaqoji mühitin nə qədər yaxşılaşması, uşaqların özünü daha rahat ifadə etməsi, ünsiyyət və sosial bacarıqlarının inkişafı, öyrənməyə marağının artması ilə ölçülməlidir. Eyni zamanda, uşaqların inkişaf göstəricilərini mexaniki şəkildə təhsilverənin fərdi fəaliyyətinə bağlamaq da düzgün olmaz; ailə mühiti, sağlamlıq, sosial şərait və digər amillər də bu prosesə təsir edir.
Unutmamalıyıq ki, məktəbəqədər təhsilin keyfiyyəti təkcə uşaqlara nə öyrədilməsi ilə deyil, onlarla kimin, necə və hansı pedaqoji yanaşma əsasında işləməsi ilə müəyyən olunur. Bu gün təhsilverənə qoyulan düzgün tələb sabah daha hazırlıqlı, özünəinamlı və yaradıcı nəslin formalaşmasına qoyulan sərmayədir”.