Sertifikatlaşdırma davamlı öyrənmə motivasiyasını gücləndirə bilər - Laləzar Cəfərova
Məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi birbaşa uşaqlarla çalışan pedaqoji heyətin peşəkarlığından, müasir yanaşmaları mənimsəməsindən və bilik-bacarıqlarını davamlı inkişaf etdirməsindən asılıdır. Bu baxımdan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması yalnız onların mövcud peşəkar hazırlığının qiymətləndirilməsi deyil, eyni zamanda davamlı inkişafın təşviqi və məktəbəqədər təhsil müəssisələrində daha keyfiyyətli pedaqoji mühitin formalaşdırılması baxımından əhəmiyyətli mərhələ hesab olunur.
Bəs sertifikatlaşdırma tərbiyəçi-müəllimlərin peşəkar inkişafına hansı yeni imkanlar aça, onların müasir təlim metodlarına yiyələnməsinə və nəticə etibarilə uşaqlar üçün daha keyfiyyətli inkişaf mühitinin yaradılmasına necə təsir göstərə bilər?
“Azərbaycan müəllimi”nə açıqlamasında Təhsil İnstitutunun (ARTİ) böyük elmi məsləhətçisi, dosent Laləzar Cəfərova bildirib ki, tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması yalnız biliklərin yoxlanılması deyil, onların peşəkar inkişafını müəyyən edən və istiqamətləndirən mexanizm kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, məktəbəqədər təhsildə keyfiyyətin əsas şərtlərindən biri tərbiyəçi-müəllimin peşəkar səriştəsidir:
“Məktəbəqədər yaş dövründə uşağın inkişafına göstərilən pedaqoji təsir yalnız verilən biliklərlə deyil, tərbiyəçi-müəllimin uşağı tanıması, onun fərdi xüsusiyyətlərini nəzərə alması, düzgün ünsiyyət qurması və inkişafetdirici mühit yarada bilməsi ilə müəyyənləşir.
Bundan əlavə, sertifikatlaşdırma pedaqoqa öz bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək, çatışmayan istiqamətləri müəyyənləşdirmək və həmin istiqamətlər üzrə inkişaf etmək imkanı yarada bilər.
Məsələn, sertifikatlaşdırmaya hazırlıq zamanı tərbiyəçi-müəllim müasir məktəbəqədər təhsilin məzmununu, oyunəsaslı öyrənməni, uşaqların inkişafının müşahidə və qiymətləndirilməsini, inklüziv yanaşmaları, sosial-emosional inkişafın dəstəklənməsi üsullarını daha dərindən öyrənə bilər”.
Onun fikrincə, sertifikatlaşdırmaya hazırlıq imtahan günü ilə məhdudlaşmamalıdır:
“Onun əsas nəticəsi tərbiyəçi-müəllimin gündəlik fəaliyyətində görünməlidir. Yəni tərbiyəçi-müəllim sertifikatlaşdırmadan sonra qrupunda təlimi, oyun prosesini daha məqsədyönlü təşkil edir, uşaqların fərdi inkişafını daha düzgün müşahidə edir və fəaliyyətini uşaqların ehtiyaclarına uyğun qurursa, deməli, proses öz pedaqoji məqsədinə çatır”.
Dosent bildirib ki, məktəbəqədər təhsildə pedaqoji fəaliyyətin keyfiyyəti tərbiyəçi-müəllimin peşəkar hazırlığı, təlimin məzmunu, inkişafetdirici mühit, pedaqoji metodlar, uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması və ailə ilə əməkdaşlıq kimi amillərin vəhdətindən formalaşır.
“Sertifikatlaşdırma bu komponentlər arasında tərbiyəçi-müəllimin peşəkar səriştəsini gücləndirməyə xidmət edə bilər. Sertifikatlaşdırmanı yalnız pedaqoqun biliklərinin yoxlanılması mexanizmi kimi deyil, pedaqoji fəaliyyətin keyfiyyətinin qiymətləndirilməsi və peşəkar inkişafın stimullaşdırılması vasitəsi kimi nəzərdən keçirmək daha məqsədəuyğundur”.
L.Cəfərova qeyd edib ki, düzgün qurulmuş sertifikatlaşdırma sistemi, ilk növbədə, tərbiyəçi-müəllimin hansı peşəkar bilik və bacarıqlara malik olmasının vacibliyini daha aydın müəyyənləşdirə bilər. belə yanaşma peşə standartları ilə real pedaqoji fəaliyyət arasında əlaqəni möhkəmləndirir.
Onun sözlərinə görə, sertifikatlaşdırma tərbiyəçi-müəllimin öz peşəkar hazırlığındakı güclü və inkişaf etdirilməli tərəfləri müəyyənləşdirməsinə də kömək edə bilər:
“Burada məqsəd yalnız nəticəni qeyd etmək deyil, nəticədən sonrakı peşəkar inkişaf trayektoriyasını müəyyənləşdirmək olmalıdır. Məsələn, müəyyən sahədə ehtiyac aşkar edilirsə, həmin istiqamətdə məqsədyönlü metodik dəstək, təlim, mentorluq və təcrübə mübadiləsi təşkil edilə bilər”.
L.Cəfərova qeyd edib ki, sertifikatlaşdırma peşəkarlığın davamlı inkişafına stimul verə bilər:
“Pedaqoq bilir ki, onun peşəkar fəaliyyəti müəyyən meyarlar əsasında qiymətləndirilir və buna görə də yeni metodları mənimsəməyə, pedaqoji biliklərini yeniləməyə və öz fəaliyyətini təhlil etməyə daha çox maraq göstərə bilər”.
O vurğulayıb ki, sertifikatlaşdırma öz-özlüyündə keyfiyyət yaratmır:
“Onun real səmərəsi qiymətləndirmə nəticələrinin pedaqoqun sonrakı inkişafı ilə əlaqələndirilməsindən asılıdır. Əgər sertifikatlaşdırma yalnız formal yoxlama və nəticənin müəyyənləşdirilməsi ilə məhdudlaşarsa, onun inkişafetdirici potensialı zəifləyə bilər. Əksinə, qiymətləndirmə, geribildirim, fərdi inkişaf, metodik dəstək və təkrar özünüqiymətləndirmə arasında ardıcıllıq qurularsa, sertifikatlaşdırma keyfiyyət təminatı sisteminin mühüm komponentinə çevrilə bilər”.
Onun fikrincə, sertifikatlaşdırmanın əsas töhfələrindən biri pedaqoqun “nəyi bilirəm?” sualından “bildiklərimi uşağın inkişafına necə tətbiq edirəm?” sualına keçidini təmin etmək ola bilər.
L.Cəfərova bildirib ki, tərbiyəçi-müəllimin peşəkar inkişafı birdəfəlik kurs və ya təlimlə məhdudlaşmamalıdır:
“Müasir məktəbəqədər təhsil fasiləsiz peşəkar öyrənmə və refleksiv pedaqoji fəaliyyət tələb edir. Peşəkar potensialın sistemli şəkildə inkişaf etdirilməsi tərbiyəçi-müəllimdə yeni metodları öyrənmək və tətbiq etmək üçün daxili motivasiya formalaşdıra bilər.
Bundan başqa, oyunəsaslı öyrənmə, layihə və tədqiqatyönümlü fəaliyyət, uşaqların sosial-emosional inkişafının dəstəklənməsi, diferensiallaşdırılmış yanaşma, inklüziv pedaqogika, rəqəmsal resurslardan məqsədyönlü istifadə və müşahidəyə əsaslanan qiymətləndirmə kimi müasir yanaşmalar pedaqoqun daim yenilənən bilik və bacarıqlara ehtiyacını artırır.
Bu prosesdə tərbiyəçi-müəllimin reflektiv fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Pedaqoq öz fəaliyyətinə “Mən nəyi necə öyrətdim?” sualı ilə yanaşı, “Uşaq nəyi necə mənimsədi?”, “Hansı yanaşma daha səmərəli oldu?”, “Hansı uşaqların ehtiyaclarını daha yaxşı nəzərə almalıyam?” kimi suallar kontekstində yanaşdıqda peşəkar inkişaf daha şüurlu xarakter alır”.
L.Cəfərova vurğulayıb ki, peşəkar inkişafın yalnız fərdi məsuliyyət kimi təqdim edilməsi düzgün olmazdı:
“Təhsil müəssisəsində peşəkar əməkdaşlıq, mentorluq, həmkar müşahidələri, metodik birliklərin fəaliyyəti, təcrübə mübadiləsi və rəhbərliyin dəstəkləyici mövqeyi də mühüm stimul yaradır. Belə mühitdə tərbiyəçi-müəllim yeni metodu sadəcə nəzəri cəhətdən öyrənmir, onu praktik fəaliyyətdə sınaqdan keçirir, nəticələrini təhlil edir və təkmilləşdirir”.
Onun sözlərinə görə, müasir peşəkar inkişafın əsas fəlsəfəsi “təlimə cəlb olunmaq”dan “fasiləsiz öyrənən pedaqoq olmaq”a keçiddir:
“Bu yanaşma tərbiyəçi-müəllimin peşəkar özünütəhsil, özünüqiymətləndirmə və özünüinkişaf məsuliyyətini gücləndirir”.
L.Cəfərova qeyd edib ki, sertifikatlaşdırma tərbiyəçi-müəllimdə özünütəhsil və davamlı öyrənmə motivasiyasını gücləndirə bilər:
“Lakin bunun üçün sertifikatlaşdırma prosesi tərbiyəçi-müəllimdə yalnız “imtahandan keçməliyəm” düşüncəsi yaratmamalı, “peşəkar olaraq inkişaf etməliyəm” yanaşmasını formalaşdırmalıdır. Məktəbəqədər təhsildə müasir yanaşmalar daim yenilənir. Bu gün tərbiyəçi-müəllimdən uşağın sadəcə nə bildiyini deyil, nəyi bacardığını, necə düşündüyünü, necə ünsiyyət qurduğunu və öyrənmə prosesində hansı strategiyalardan istifadə etdiyini müşahidə etmək tələb olunur”.
Dosent bildirib ki, məktəbəqədər təhsildə son nəticə uşağın inkişafıdır:
“Ona görə də tərbiyəçi-müəllimin peşəkar inkişafının əsl göstəricisi uşağın təlim və inkişaf mühitində baş verən dəyişikliklərlə ölçülməlidir. Tərbiyəçi-müəllimin peşəkar potensialı məktəbəqədər təhsilin keyfiyyətini müəyyən edən əsas amillərdən biridir.
Çünki uşağın təlim və inkişaf mühiti yalnız maddi-texniki imkanlarla deyil, ilk növbədə həmin mühiti təşkil edən tərbiyəçi-müəllimin peşəkar bilikləri, metodik bacarıqları, pedaqoji mövqeyi və uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq qabiliyyəti ilə müəyyənləşir”.
Onun fikrincə, peşəkar potensialın gücləndirilməsi tərbiyəçi-müəllimə uşaqların yaş və fərdi inkişaf xüsusiyyətlərini daha dərindən anlamağa, onların maraq və ehtiyaclarını düzgün müəyyənləşdirməyə, təlim fəaliyyətini diferensiallaşdırmağa və hər bir uşağın potensialının reallaşdırılması üçün uyğun şərait yaratmağa imkan verir:
“Belə pedaqoq uşağı yalnız hazır biliklərin mənimsənilməsi obyekti kimi deyil, fəal, yaradıcı, müstəqil öyrənən şəxsiyyət kimi qəbul edir.
Həmçinin peşəkar inkişafın nəticəsi olaraq məktəbəqədər təhsil müəssisələrində daha təhlükəsiz, emosional baxımdan dəstəkləyici, inklüziv, oyun və araşdırma əsaslı öyrənmə mühiti formalaşa bilər.
Tərbiyəçi-müəllim uşaqlar arasında fərdi fərqləri nəzərə aldıqda, onların sosial, emosional, nitq, idrak və fiziki inkişafının daha harmonik şəkildə dəstəklənməsi mümkün olur”.
Onun sözlərinə görə, pedaqoqun peşəkar potensialının inkişafı birbaşa uşağın inkişaf nəticələrinə mexaniki şəkildə deyil, pedaqoji prosesin keyfiyyətinin yüksəlməsi vasitəsilə təsir göstərir:
“Başqa sözlə, yüksək peşəkarlıq daha məqsədyönlü pedaqoji müşahidəyə, daha düzgün planlaşdırmaya, səmərəli qarşılıqlı əlaqəyə və uşağın inkişafına uyğun pedaqoji qərarların qəbuluna şərait yaradır”.
L.Cəfərova hesab edir ki, tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım ola bilər:
“Lakin sertifikatlaşdırmanın səmərəsi onu müşayiət edən davamlı metodik dəstək, praktik təlimlər, mentorluq, təcrübə mübadiləsi və müəllimin peşəkar inkişaf imkanları ilə birbaşa bağlıdır”.
O bildirib ki, əsas məqsəd yalnız sertifikat alan tərbiyəçi-müəllimlərin sayını artırmaq deyil:
“Əsas məqsəd hər bir uşağın inkişafını görə bilən, onun fərdi potensialını üzə çıxaran, müasir pedaqoji texnologiyalardan məqsədyönlü istifadə edən və öz üzərində daim çalışan peşəkar tərbiyəçi-müəllim modelini formalaşdırmaqdır”.
L.Cəfərova onu da vurğulayıb ki, məhz belə yanaşma sertifikatlaşdırmanı formal qiymətləndirmə prosedurundan çıxararaq məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən real peşəkar inkişaf mexanizminə çevirə bilər:
“Tərbiyəçi-müəllimlərin peşəkar potensialının gücləndirilməsi, fasiləsiz peşəkar inkişaf və sertifikatlaşdırma bir-birindən ayrı proseslər kimi deyil, məktəbəqədər təhsilin keyfiyyət təminatının vahid mexanizmi kimi nəzərdən keçirilməlidir.
Bu mexanizmin son məqsədi pedaqoqun yalnız peşəkar göstəricilərini yüksəltmək deyil, həmin peşəkarlığı uşağın hərtərəfli inkişafına, öyrənmə marağının, müstəqilliyinin, sosial-emosional rifahının və fərdi potensialının dəstəklənməsinə çevirməkdir”.




