Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı 40-a çatıb

16 Oktyabr, 2026 - 10:39
Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı 40-a çatıb

"Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsilə əlçatanlığın artırılması məqsədilə ümumtəhsil məktəblərinin nəzdində yaradılan icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyəti genişləndirilir. 2026–2027-ci tədris ilində muxtar respublikanın 6 rayon və şəhərində yerləşən 25 məktəbdə 40 qrup fəaliyyət göstərir. Həmin qruplarda 600-ə yaxın uşaq təhsil alır". 

Bu barədə "Azərbaycan müəllimi"nə açıqlamasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Məktəbəqədər təhsil sektorunun müdiri Ayşən Əsgərova deyib. 

Sektor müdiri bildirib ki, icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması istiqamətində işlər mövcud tələbat və ehtiyaclar nəzərə alınmaqla davam etdirilir: "Ötən tədris ilində Naxçıvan şəhəri, Şərur, Culfa, Ordubad və Kəngərli rayonlarında yerləşən 12 ümumtəhsil məktəbində 25 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayıb. Həmin qruplarda 400-ə yaxın uşaq təhsil alıb". 

Ayşən Əsgərova qeyd edib ki, görülən işlərin davamı olaraq 2026–2027-ci tədris ilində daha 13 məktəbdə 15 yeni qrup yaradılıb:

"Yeni qruplarda 250-dən çox uşağın təhsil alması nəzərdə tutulur.

Beləliklə, cari tədris ilində Babək rayonunun da əlavə olunması ilə icma əsaslı məktəbəqədər təhsil qrupları muxtar respublikanın 6 rayon və şəhərini əhatə edir. Hazırda 25 məktəbdə fəaliyyət göstərən 40 qrup məktəbəqədər təhsil xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə xidmət edir". 

Qeyd edək ki, bu istiqamətdə tədbirlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilir.

Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı 40-a çatıb