Sertifikatlaşdırma peşəkar inkişaf üçün yeni imkanlar yaradacaq - Vüsalə Əliyeva

23 Sentyabr, 2026 - 17:55
Sertifikatlaşdırma peşəkar inkişaf üçün yeni imkanlar yaradacaq

Noyabr ayında dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təxminən 12 min tərbiyəçi-müəllimin sertifikatlaşdırılması planlaşdırılır. Proses çərçivəsində pedaqoqların peşəkar hazırlığının, bilik və bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda onların davamlı inkişafının dəstəklənməsi nəzərdə tutulur.

“Azərbaycan müəllimi”nə açıqlamasında ADPU-nun pedaqogika üzrə fəlsəfə doktoru Vüsalə Əliyeva bildirib ki, tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması məktəbəqədər təhsil sahəsində peşəkar inkişafın yeni mərhələsinə keçidi təmin edən mühüm mexanizmlərdən biridir.

Onun sözlərinə görə, sertifikatlaşdırmanı yalnız tərbiyəçi-müəllimin biliklərinin yoxlanılması kimi qiymətləndirmək düzgün olmaz:

“Bu proses, ilk növbədə, onun peşəkar fəaliyyətinin gücləndirilməsinə, mövcud bilik və bacarıqlarının sistemləşdirilməsinə, yeni yanaşmalarla zənginləşdirilməsinə və davamlı inkişafına stimul yaradacaq. Sertifikatlaşdırma üzrə qiymətləndirmə çərçivəsinə nəzər saldıqda görürük ki, burada yer alan bölmələr tərbiyəçi-müəllimin gündəlik fəaliyyətində istifadə etdiyi praktik pedaqoji bacarıqlarla birbaşa əlaqəlidir. Yəni proses həm nəzəri, həm də praktik peşəkarlığı əhatə edir”.

V.Əliyeva qeyd edib ki, sertifikatlaşdırmaya hazırlıq tərbiyəçi-müəllimlərə öz peşə fəaliyyətlərinə yenidən baxmaq imkanı yaradacaq:

“Pedaqoji və metodik biliklərin təkrar nəzərdən keçirilməsi, kurikulumun tələblərinin daha dərindən öyrənilməsi, uşağın inkişaf xüsusiyyətləri ilə bağlı müasir elmi yanaşmaların mənimsənilməsi və praktik situasiyalarda düzgün pedaqoji qərarların qəbul edilməsi bacarığının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Onun fikrincə, prosesin mühüm nəticələrindən biri tərbiyəçi-müəllimdə “öyrənən pedaqoq” mövqeyinin möhkəmləndirilməsidir:

“Peşəkar pedaqoq öz fəaliyyətini daim təhlil edir, uşaqların reaksiyalarını və inkişaf dinamikasını müşahidə edir, istifadə etdiyi metodların səmərəliliyini qiymətləndirir və zərurət yarandıqda yanaşmasını dəyişir. Bu yanaşma məktəbəqədər təhsildə keyfiyyətin davamlı yüksəldilməsi üçün mühüm şərtlərdən biridir”.

V.Əliyeva bildirib ki, sertifikatlaşdırmanın əsas nəticəsi tərbiyəçi-müəllimin test və ya müsahibə mərhələsində topladığı baldan daha çox həmin prosesin onun gündəlik pedaqoji fəaliyyətinə təsirində özünü göstərməlidir:

“Əgər tərbiyəçi-müəllim sertifikatlaşdırmaya hazırlıq prosesində uşağın fərdi inkişafını müşahidə etməyi, inkişafetdirici mühit yaratmağı, oyun vasitəsilə öyrənməni təşkil etməyi, sualvermə və ünsiyyət bacarıqlarından səmərəli istifadə etməyi, uşaqların fərdi və xüsusi ehtiyaclarını nəzərə almağı daha yaxşı mənimsəyirsə, bu, nəticə etibarilə təlim-tərbiyə prosesinin keyfiyyətində öz əksini tapacaq”.

Onun sözlərinə görə, sertifikatlaşdırmanın nəticələrinin təhlili tərbiyəçi-müəllimlərin hansı istiqamətlərdə daha çox metodik dəstəyə ehtiyac duyduqlarını müəyyənləşdirməyə də imkan verə bilər:

“Bu baxımdan sertifikatlaşdırma yalnız qiymətləndirici deyil, eyni zamanda inkişafetdirici mexanizmə çevrilə bilər. Proses yalnız fərdi tərbiyəçi-müəllimin fəaliyyətinə deyil, bütövlükdə məktəbəqədər təhsil müəssisəsində peşəkar və keyfiyyətyönümlü pedaqoji mühitin formalaşmasına xidmət edə bilər”.

V.Əliyeva qeyd edib ki, tərbiyəçi-müəllimlərin peşəkar inkişafında stimullaşdırıcı amillər də mühüm rol oynayır. Onun fikrincə, bunu yalnız maddi amillərlə məhdudlaşdırmaq düzgün deyil:

“Peşəkar fəaliyyətin nəticələrinin tanınması, pedaqoqun öz inkişafını və nailiyyətlərini görməsi, peşəkar nüfuzunun artması, ixtisasartırma və inkişaf imkanlarının genişləndirilməsi də mühüm mənəvi və peşəkar stimullardır. Bu baxımdan sertifikatlaşdırma tərbiyəçi-müəllim üçün yalnız qiymətləndirmə deyil, həm də öz peşəkar potensialını nümayiş etdirmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yarada bilər”.

O əlavə edib ki, sertifikatlaşdırmanın nəticələrinə əsaslanan stimullaşdırıcı mexanizmlərin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi də əhəmiyyətlidir:

“Müxtəlif təhsil pillələrində sertifikatlaşdırma təcrübəsi göstərir ki, prosesin səmərəliliyinin artırılmasında həm maddi, həm də qeyri-maddi təşviq mexanizmləri mühüm rol oynaya bilər. Əsas məqsəd tərbiyəçi-müəllimdə davamlı peşəkar inkişaf, özünütəkmilləşdirmə və daha keyfiyyətli pedaqoji fəaliyyət üçün motivasiyanın gücləndirilməsidir”.

V.Əliyeva bildirib ki, tərbiyəçi-müəllimin peşəkar hazırlığı və yaratdığı təlim mühiti uşağın inkişafına birbaşa təsir göstərən mühüm amillərdəndir. Məktəbəqədər təhsildə problem həll etmə, yaradıcı və tənqidi düşünmə, ünsiyyət və əməkdaşlıq, müstəqil öyrənmə və qərarvermə kimi bacarıqların inkişafı da pedaqoqun peşəkarlığı ilə sıx bağlıdır.

Onun fikrincə, tərbiyəçi-müəllimin peşəkar potensialı yüksəldikcə onun yaratdığı öyrənmə mühitinin keyfiyyəti də artır:

“Bu prosesin daha geniş nəticəsi uşağın inkişafına xidmət edən keyfiyyətli, təhlükəsiz, inklüziv, oyunəsaslı və inkişafetdirici öyrənmə mühitinin formalaşdırılması olmalıdır. Çünki məktəbəqədər təhsildə müəllimin peşəkarlığı ilə uşağın inkişafı arasındakı əlaqə təhsil keyfiyyətinin mühüm göstəricilərindən biridir”.