“Məktəbəqədər təhsilə münasibət strateji olmalıdır” – AGMA sədri
“Məktəbəqədər təhsili təhsil sisteminin sadəcə ilk pilləsi deyil, bütövlükdə insan kapitalının formalaşmasının başlanğıc nöqtəsi hesab edirəm. Uşağın gələcəkdə necə öyrənməsi, sosial münasibətlər qurması, özünü ifadə etməsi, yeni situasiyalara uyğunlaşması və öyrənməyə münasibəti böyük ölçüdə məhz erkən yaşlarda formalaşır”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova söyləyib.
O bildirib ki, məktəbəqədər təhsilə münasibət də strateji olmalıdır: “Biz burada yalnız bugünkü təhsil ehtiyacını deyil, gələcəyin insanını formalaşdıran mühiti müzakirə edirik.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransını keçirməkdə əsas məqsədimiz də məhz bu yanaşmanı önə çıxarmaqdır. Biz istəyirik ki, məktəbəqədər təhsildə keyfiyyət anlayışı daha konkret məzmun qazansın, uğurlu praktikalar geniş yayılsın, tərbiyəçi-müəllimlərin peşəkar inkişafı üçün yeni imkanlar yaradılsın və sahədə çalışan mütəxəssislərin səsi qərarvermə prosesində daha çox eşidilsin”.
P.Qədimovanın sözlərinə görə, keyfiyyətli məktəbəqədər təhsil, ilk növbədə, uşağın ehtiyacını mərkəzə qoyan təhsildir: “Uşaq hazır qəlibə uyğunlaşdırılmamalıdır. Əksinə, təhsil mühiti uşağın fərdi xüsusiyyətlərini, maraqlarını, inkişaf tempini və potensialını nəzərə almalıdır. Oyun, ünsiyyət, araşdırma, yaradıcılıq və gündəlik fəaliyyətlər uşağın öyrənməsinin əsas vasitələrinə çevrilməlidir. Tərbiyəçi-müəllim isə bu prosesdə sadəcə məlumat ötürən şəxs deyil, uşağın inkişafını müşahidə edən, istiqamətləndirən və dəstəkləyən peşəkardır.
Məhz buna görə mən məktəbəqədər təhsildə keyfiyyət məsələsini birbaşa tərbiyəçi-müəllimin peşəkarlığı ilə əlaqələndirirəm. Ən müasir proqramı, ən yaxşı infrastrukturu və ən yaxşı maddi-texniki imkanları yarada bilərik. Amma uşağın yanında dayanan pedaqoq həmin imkanlardan düzgün istifadə edə bilmirsə, gözlədiyimiz nəticəni əldə etmək çətin olacaq. Deməli, məktəbəqədər təhsildə islahatların mərkəzində insan kapitalı dayanmalıdır.
Bu baxımdan ali təhsil müəssisələrində məktəbəqədər təhsil üzrə kadr hazırlığının keyfiyyəti xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, universitetdə verilən təhsil ilə məzunun məktəbəqədər təhsil müəssisəsində qarşılaşacağı real peşə tələbləri arasında daha sıx əlaqə qurulmalıdır. Gələcək tərbiyəçi-müəllim universiteti bitirdikdə yalnız nəzəri biliklərə malik olmamalı, həmin bilikləri uşağın real inkişaf ehtiyaclarına tətbiq edə bilməlidir. Bu səbəbdən universitetlərdə çərçivə sənədində müəyyənləşdirilən tələblərlə uyğunlaşdırılmasını vacib hesab edirəm. Burada məqsəd universitet təhsilini MİQ imtahanına hazırlıq kursuna çevirmək deyil. Əsas məqsəd başqa olmalıdır: universitetdə formalaşdırılan kompetensiyalarla əmək bazarının tələb etdiyi peşə bacarıqları arasında real uyğunluq yaratmaq.
Biz tələbəyə nə öyrətdiyimizi və məzunun real iş mühitində nələri bacarmalı olduğunu eyni müstəvidə düşünməliyik. Əgər məzun məktəbəqədər təhsil müəssisəsinə daxil olduqda müasir pedaqoji yanaşmaları tətbiq edə, uşağın inkişafını müşahidə edə, fərdi ehtiyacları müəyyənləşdirə, valideynlərlə düzgün kommunikasiya qura və təhlükəsiz, inkişafyönümlü mühit yarada bilirsə, deməli, ali təhsil ilə əmək bazarı arasında düzgün körpü qurmuşuq”.
AGMA sədri hesab edir ki, bu körpünün digər mühüm hissəsi isə sertifikatlaşdırmadır: “Mən sertifikatlaşdırmaya yalnız tərbiyəçi-müəllimin biliyini yoxlayan mexanizm kimi yanaşmıram. Sertifikatlaşdırma, ilk növbədə, peşəkarlığın tanınması, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və pedaqoqun öz üzərində davamlı işləməsinə stimul yaradan mexanizm olmalıdır.
Məktəbəqədər təhsildə çalışan pedaqoq bilməlidir ki, onun peşəkar inkişafı sistem tərəfindən görülür və qiymətləndirilir. Eyni zamanda yüksək nəticənin əməkhaqqında öz əksini tapması ədalətli və motivasiyaedici yanaşmadır. Mən hesab edirəm ki, əməkhaqqının differensiallaşdırılması peşəkarlığın və nəticənin tanınması prinsipi üzərində qurulmalıdır. Tərbiyəçi-müəllim öz inkişafına nə qədər ciddi yanaşırsa, bunun həm peşəkar statusunda, həm də maddi təminatında qarşılığını görməlidir.
Lakin burada bir məqamı xüsusilə vurğulamaq istəyirəm: sertifikatlaşdırma prosesini yalnız nəticə və əməkhaqqı ilə məhdudlaşdırmaq olmaz. Biz pedaqoqa “imtahan ver və nəticəni gözlə” mesajı yox, “inkişaf et, öz peşəkarlığını artır və bunun üçün sənə dəstək verilir” mesajını verməliyik. Sertifikatlaşdırma davamlı peşəkar inkişaf sistemi ilə tamamlanmalıdır. Bu iki istiqamət birlikdə qurulduqda daha effektiv nəticə əldə etmək mümkündür”.
P.Qədimova məktəbəqədər təhsilin inkişafında dövlət–özəl əməkdaşlığını mövzusuna toxunaraq bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi baxımından dövlətin, özəl sektorun və valideynlərin imkanlarının bir araya gətirilməsi yeni perspektivlər açır: “Dövlət–özəl əməkdaşlığı bizə yalnız əlavə infrastruktur və xidmət imkanları yaratmamalıdır. Bu əməkdaşlığın əsas nəticəsi uşaqlar üçün daha çox keyfiyyətli və əlçatan təhsil imkanının formalaşması olmalıdır.
Mövqeyim budur ki, mülkiyyət formasından asılı olmayaraq, uşağın aldığı təhsilin keyfiyyətinə eyni məsuliyyətlə yanaşılmalıdır. Dövlətin yaratdığı müəssisədə də, özəl müəssisədə də əsas meyar uşağın təhlükəsizliyi, inkişafı, hüquqları və keyfiyyətli təhsil mühitidir. Valideyn-dövlət–özəl əməkdaşlığının uğuru da məhz bu ümumi keyfiyyət çərçivəsinin qorunmasından asılı olacaq.
Burada valideyn amilini də xüsusi qeyd etmək istəyirəm. Məktəbəqədər təhsil müəssisəsi və ailə bir-birindən ayrı fəaliyyət göstərən iki fərqli mühit olmamalıdır. Uşağın inkişafında ailə və pedaqoji mühit bir-birini tamamlamalıdır. Buna görə valideynlərin maarifləndirilməsi, onların təhsil prosesinə cəlb olunması və məktəbəqədər təhsil müəssisələri ilə konstruktiv əməkdaşlığının gücləndirilməsi də keyfiyyət siyasətinin vacib hissəsidir.
Ümumilikdə məktəbəqədər təhsildə inkişafı bir neçə ayrı layihənin nəticəsi kimi görmürəm. Biz sistem qurmalıyıq. Bu sistemdə uşağın ehtiyacı mərkəzdə dayanmalı, peşəkar tərbiyəçi-müəllim əsas hərəkətverici qüvvə olmalı, ali təhsil müəssisələri keyfiyyətli kadr hazırlamalı, MİQ şəffaf və kompetensiya əsaslı seçim mexanizmi kimi fəaliyyət göstərməli, sertifikatlaşdırma peşəkar inkişafı stimullaşdırmalı, dövlət–özəl əməkdaşlığı isə əhatəliliyin və keyfiyyətin genişləndirilməsinə xidmət etməlidir”.
AGMA sədrinin sözlərinə görə, məktəbəqədər təhsildə çalışan tərbiyəçi-müəllimin peşə nüfuzunun artırılması ümumi keyfiyyət siyasətimizin ayrılmaz hissəsi olmalıdır: “Cəmiyyət uşağın ilk müəlliminin əməyinin əhəmiyyətini nə qədər yüksək qiymətləndirirsə, biz də həmin peşəyə bir o qədər ciddi investisiya etməliyik. Yüksək peşəkarlıq tələb ediriksə, yüksək keyfiyyətli hazırlıq, davamlı inkişaf imkanları, ədalətli qiymətləndirmə və layiqli əməkhaqqı mexanizmləri də yaratmalıyıq.
Məktəbəqədər təhsil sahəsində əsas hədəfimiz sadəcə daha çox uşağı sistemə cəlb etmək olmamalıdır. Hədəfimiz hər bir uşağın keyfiyyətli başlanğıc əldə etməsinə nail olmaqdır. Çünki uşağın həyatının ilk illərində formalaşan bacarıqlar onun sonrakı təhsil həyatına, sosial münasibətlərinə və şəxsiyyət kimi inkişafına təsir göstərir.
Buna görə məktəbəqədər təhsilə strateji investisiya kimi baxıram. Bu sahəyə bu gün qoyduğumuz sərmayənin nəticəsini yalnız bu gün deyil, illər sonra görəcəyik. Əgər biz uşağa keyfiyyətli başlanğıc veririksə, əslində ölkənin dayanıqlı inkişafı üçün möhkəm insan kapitalı təməli yaradırıq.
“Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” bizim üçün sadəcə konfransın adı deyil. Bu, məktəbəqədər təhsilə yanaşmanın əsas fəlsəfəsi olmalıdır: uşağın inkişafını mərkəzə qoymaq, pedaqoqu gücləndirmək, keyfiyyəti ölçmək, peşəkarlığı təşviq etmək və bütün imkanları uşağın gələcəyinə yönəltmək”.




