Samuxdakı bağçada istilik problemi ilə bağlı açıqlama verilib
Samux şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında istilik təminatında yaranan problemlə bağlı valideynlərin şikayətinə aydınlıq gətirilib.
Valideynlər bildiriblər ki, noyabrın 15-dən etibarən bağçada istilik verilmir. Onların sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem həllini tapmayıb.
Məsələ ilə bağlı Məktəbəqədər təhsil müəssisəsindən “Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 15-dən 23-dək istiliyin verilməməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Qeyd olunub ki, yalnız noyabrın 23-də yaranan qısamüddətli texniki nasazlıq səbəbindən istilik təminatında fasilə olub. Nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülüb və istiliyin verilişi tam bərpa edilib. Bildirilib ki, hazırda bağçada istilik təminatı normal qaydada həyata keçirilir.




