İlin sonunadək 12 minə yaxın bağça müəlliminin sertifikatlaşdırılması keçiriləcək
Məktəbəqədər təhsil sistemində çalışan 11 mindən çox müəllim tərbiyəçinin bilik və bacarıqları qiymətləndirilib. İlin sonunadək 12 minə yaxın müəllim tərbiyəçinin sertifikatlaşdırılması keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, uşağın məktəbəqədər təhsilə çıxışını təmin etmək hələ keyfiyyətli məktəbəqədər təhsil demək deyil:
“Keyfiyyəti müəyyən edən əsas amillərdən biri hər gün uşağın qarşısında dayanan müəllim tərbiyəçidir. Bu səbəbdən son illərdə müəllim tərbiyəçilərin işə qəbulunda mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi tətbiq edilib. Bu mexanizm vasitəsilə təxminən 1300 yeni ixtisaslı müəllim sistemə cəlb olunub.Eyni zamanda tərbiyəçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi istiqamətində geniş diaqnostik proses həyata keçirilib, 11 mindən çox tərbiyəçinin bilik və bacarıqları qiymətləndirilərək onların peşəkar inkişaf ehtiyacları müəyyən edilib. Növbəti mühüm mərhələ tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasıdır. İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil ediləcək. Beləliklə, məktəbəqədər təhsildə yanaşmamızın iki əsas xətti bir-birini tamamlayır: daha çox uşağa çıxış yaratmaq və həmin uşağın qarşısına daha hazırlıqlı, daha peşəkar pedaqoq çıxarmaq”.




