Bağça müəllimlərinin sertifikatlaşdırılması nələri dəyişə  bilər?

25 Noyabr, 2026 - 14:25
Bağça müəllimlərinin sertifikatlaşdırılması nələri dəyişə  bilər?

Məktəbəqədər təhsil uşaqların ilkin bilik və bacarıqlarının formalaşdığı, gələcək təhsil həyatının təməlinin qoyulduğu mühüm mərhələdir. Bu mərhələdə təlim-tərbiyə prosesinin keyfiyyəti isə bilavasitə təhsilverənlərin peşəkarlığından, metodiki hazırlığından və müasir təlim yanaşmalarını tətbiq etmək bacarığından asılıdır.

Bəs bu mexanizm məktəbəqədər təhsil sistemində hansı dəyişikliklərə yol aça bilər?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil üzrə mütəxəssis Məzahir Məmmədli bildirib ki, Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması məsələsi ilk dəfə gündəmə gələndə bu proses birmənalı qarşılanmayıb:

“Lakin müəllimlər sertifikatlaşdırmanın onların əməkhaqlarının artırılmasına imkan yaratdığını gördükdən sonra prosesə münasibətləri müsbət istiqamətdə dəyişdi. Sonrakı mərhələlərdə müəllimlər sertifikatlaşdırmadan keçməyə daha çox maraq göstərməyə başladılar. Hətta bəzi fənn müəllimləri öz fənlərinin bu prosesə cəlb olunmasının gecikməsindən narazılıqlarını bildirirdilər”.

M.Məmmədli hesab edir ki, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması da oxşar mənzərənin yaranmasına səbəb olacaq:

“İlk növbədə, valideynlər övladları ilə sertifikatlaşdırmadan keçmiş tərbiyəçi-müəllimlərin və metodistlərin məşğul olmasından məmnunluq duyacaqlar. Digər tərəfdən, sertifikatlaşdırma prosesinə cəlb olunan şəxslərin peşəkar bilik və bacarıqları qiymətləndiriləcək, onların müvafiq diplom və ixtisas uyğunluğu ilə bağlı məsələlərə də diqqət yetiriləcək. Bu baxımdan hesab edirəm ki, sertifikatlaşdırma təhsilverənlər üçün də bir növ ikinci şansdır. Onlar həm peşəkar inkişaf, həm də əməkhaqlarında artım baxımından bu prosesin müsbət nəticələrini görə biləcəklər. Bütün hallarda bu prosesdən həm cəmiyyətimiz, həm də gələcək nəslin tərbiyəsində mühüm rol oynayan məktəbəqədər təhsil sistemi qazanc əldə edəcək. Nəticədə uşaqların təlim-tərbiyəsi ilə peşəkar bilik və bacarıqları qiymətləndirilmiş təhsilverənlər məşğul olacaqlar”.