“Sertifikatlaşdırmanın məqsədi yalnız bilik və bacarıqları yoxlamaq deyil” – Ekspert
“Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasını məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsinə, insan kapitalının inkişafına və təhsilverənlərin davamlı peşəkar inkişafının təmin edilməsinə yönəlmiş strateji əhəmiyyətli islahat kimi qiymətləndirirəm. Bu prosesin mahiyyətini yalnız bilik və bacarıqların yoxlanılması ilə məhdudlaşdırmaq onun inkişafetdirici potensialını tam dəyərləndirməmək olardı. Sertifikatlaşdırma özündə diaqnostik, inkişafetdirici və motivasiyaedici funksiyaları birləşdirən, peşəkar özünüqiymətləndirməyə və pedaqoji fəaliyyətin təkmilləşdirilməsinə zəmin yaradan kompleks mexanizmdir”.
Bunu “Azərbaycan müəllimi”nə “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi, təhsil tədqiqatçısı Böyükağa Mikayıllı deyib.
Onun sözlərinə görə, sertifikatlaşdırmanın başlıca üstünlüklərindən biri təhsilverəni öz peşə fəaliyyətini təhlil etməyə, mövcud bilik və bacarıqlarını müasir pedaqoji tələblər kontekstində dəyərləndirməyə istiqamətləndirməsidir:
“Təhsilverən bu prosesdə yalnız nə bildiyini deyil, həmin biliklərdən gündəlik pedaqoji fəaliyyətində nə dərəcədə səmərəli istifadə etdiyini, peşəkar kompetensiyalarının güclü tərəflərini və inkişafına ehtiyac duyulan istiqamətləri nəzərdən keçirmək imkanı qazanır. Bu baxımdan sertifikatlaşdırmanın mühüm dəyərlərindən biri təhsilverəndə peşəkar refleksiya və öz inkişafını planlaşdırmaq mədəniyyətinin formalaşmasını stimullaşdırmasıdır”.
Təhsilverənin peşəkarlığı yalnız nəzəri biliklərə yiyələnməsindən asılı deyil…
B.Mikayıllının fikrincə, məktəbəqədər təhsil insanın sonrakı inkişafının təməlinin qoyulduğu, şəxsiyyətinin formalaşmasında həlledici rol oynayan təhsil pilləsidir:
“Bu mərhələdə təhsilverənin peşəkarlığı yalnız nəzəri biliklərə yiyələnməsi ilə deyil, uşağın yaş və fərdi xüsusiyyətlərini dərindən anlaması, onun fiziki, idraki və sosial-emosional inkişafını dəstəkləməsi, rifahını və təhlükəsizliyini təmin etməsi, inklüziv və stimullaşdırıcı inkişaf mühiti yaratması, oyunəsaslı öyrənməni təşkil etməsi, ailələrlə səmərəli əməkdaşlıq qurması kimi kompleks kompetensiyalarla şərtlənir. Bu baxımdan sertifikatlaşdırmaya hazırlıq prosesi təhsilverənlər üçün mövcud pedaqoji yanaşmalarını yenidən nəzərdən keçirmək, müasir elmi-pedaqoji nailiyyətlərlə tanış olmaq, nəzəri biliklərlə praktik fəaliyyət arasındakı əlaqəni gücləndirmək və peşəkar təcrübələrini zənginləşdirmək üçün mühüm fürsətdir”.
Beynəlxalq təcrübə nə göstərir?
Müsahibimiz qeyd edib ki, beynəlxalq təcrübə də təhsilverənlərin peşəkar qiymətləndirilməsinin inkişafetdirici potensialının davamlı öyrənmə, refleksiya, konstruktiv əks-əlaqə və metodiki dəstək mexanizmləri ilə əlaqələndirilməsi sayəsində reallaşdığını göstərir.
“OECD-nin məktəbəqədər təhsil sahəsində apardığı tədqiqatlardan da görünür ki, ayrı-ayrı ölkələrin peşəkar inkişaf modellərində təhsilverənlərin öz fəaliyyətlərini müntəzəm təhlil etmələrinə, fərdi inkişaf məqsədlərini müəyyənləşdirmələrinə və həmkarlarla əməkdaşlıq əsasında öyrənmələrinə xüsusi əhəmiyyət verilir. Bu yanaşmaların əsasında dayanan başlıca ideya qiymətləndirmənin özlüyündə son məqsəd deyil, pedaqoji fəaliyyətin keyfiyyətini yüksəltmək üçün başlanğıc nöqtəsi olmasıdır”.
Sertifikatlaşdırmanın uzunmüddətli səmərəliliyi…
Həmsöhbətimiz vurğulayıb ki, sertifikatlaşdırmanın uzunmüddətli səmərəliliyi onun nəticələrindən sonrakı mərhələdə nə dərəcədə məqsədyönlü və sistemli istifadə edilməsindən asılıdır:
“Əldə olunan nəticələr yalnız fərdi nailiyyət göstəricisi kimi deyil, təhsilverənlərin inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, fərdi peşəkar inkişaf istiqamətlərinin formalaşdırılması, diferensiallaşdırılmış təlim proqramlarının hazırlanması, metodiki dəstək və mentorluq mexanizmlərinin təkmilləşdirilməsi, peşəkar öyrənmə icmalarının yaradılması üçün mühüm informasiya mənbəyi kimi dəyərləndirilməlidir. Bu yanaşma peşəkar inkişafın epizodik xarakter daşıyan tədbirlərdən sistemli, fasiləsiz və real ehtiyaclara əsaslanan prosesə çevrilməsinə zəmin yaradır”.
Sertifikatlaşdırma nəticələrinin sistem səviyyəsində təhlili…
Mütəxəssisin fikrincə, sertifikatlaşdırma nəticələrinin sistem səviyyəsində təhlili də məktəbəqədər təhsildə kadr potensialının inkişafı, ixtisasartırma proqramlarının məzmununun təkmilləşdirilməsi, metodiki xidmətlərin səmərəliliyinin yüksəldilməsi və gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində əsaslandırılmış qərarların qəbuluna imkan yaradır:
“Bununla da fərdi səviyyədə aparılan qiymətləndirmə bütövlükdə məktəbəqədər təhsil sisteminin inkişafına xidmət edən mühüm idarəetmə resursuna çevrilir.
Digər tərəfdən, sertifikatlaşdırmanın təhsilverənlərdə peşəkar məsuliyyətin, təşəbbüskarlığın, özünütəhsilə motivasiyanın və innovasiyalara açıqlığın gücləndirilməsi baxımından da böyük potensialı var. Müasir dövrdə peşəkarlığın mühüm göstəricilərindən biri yalnız mövcud bilik və bacarıqlara yiyələnmək deyil, həm də onları davamlı şəkildə yeniləmək, dəyişən pedaqoji tələblərə uyğunlaşdırmaq və praktik fəaliyyətdə səmərəli tətbiq etməkdir. Bu mənada təhsilverənin sertifikatlaşdırma prosesində yalnız qiymətləndirilən tərəf deyil, öz inkişafına məsuliyyət daşıyan, öyrənmə ehtiyaclarını müəyyənləşdirən və peşəkar gələcəyini şüurlu şəkildə formalaşdıran fəal subyekt kimi çıxış etməsi prinsipial əhəmiyyət kəsb edir. Düşünürəm ki, sertifikatlaşdırma təhsilverənin peşəkar inkişafının yeni mərhələsinin başlanğıcı kimi qəbul edilməlidir”.




