VII sinif riyaziyyat dərsliklərinə 300–400 ekspert rəyi təqdim olunub
VII sinif riyaziyyat dərsliklərinin ekspertizası zamanı Elm və Təhsil Nazirliyi tərəfindən müəllif heyətinə təxminən 300–400 rəy və təklif təqdim olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində dərsliklərin müəllifi Zaur İsayev bildirib.
Onun sözlərinə görə, dərsliklər ikiillik sınaq mərhələsindən sonra da müxtəlif qurumlar tərəfindən ekspertizadan keçirilir:
“VII sinif dərslikləri ilə bağlı Elm və Təhsil Nazirliyindən bizə təxminən 300–400 rəy təqdim olunub. Bu rəylər cədvəl şəklində müəllif heyətinə göndərilir. Qəbul etdiyimiz təkliflər əsasında dərsliklərdə düzəlişlər aparırıq. Razılaşmadığımız məqamları isə əsaslandıraraq geri qaytarırıq. Əgər əsaslandırmamız ekspertləri qane etmirsə, bir neçə dəfə birbaşa müzakirələr təşkil edirik. Bəzən gərgin müzakirələr də olur, lakin hər iki tərəfin məqsədi daha keyfiyyətli dərslik hazırlamaqdır”.
Z.İsayev qeyd edib ki, ekspertiza prosesi bununla yekunlaşmır. Dərsliklər Dövlət İmtahan Mərkəzinə, ali təhsil müəssisələrinə və müvafiq elmi tədqiqat institutlarına da göndərilir.
“Bu qurumlardan da ciddi, elmi cəhətdən əsaslandırılmış rəylər alınır və həmin rəylər əsasında dərsliklər təkmilləşdirilir. Əslində, dərslik çapa göndərilənədək təkmilləşdirmə prosesi davam edir”, - deyə müəllif vurğulayıb.




