Yeni riyaziyyat dərsliklərinə STEM layihələri daxil edilib

19 Noyabr, 2026 - 11:37
Yeni riyaziyyat dərsliklərinə STEM layihələri daxil edilib

Yeni riyaziyyat dərsliklərində hər bölmənin sonunda şagirdlərin əldə etdikləri bilik və bacarıqları tətbiq etmələrinə yönəlmiş STEM layihələrinə yer verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru, dərslik müəllifi Zaur İsayev riyaziyyat dərsliklərinin ictimai müzakirəsində bildirib. 

Onun sözlərinə görə, I–IX sinif riyaziyyat dərsliklərində mövzular “Öyrən, möhkəmləndir, tətbiq et” prinsipi əsasında qurulub:

“Riyaziyyatın tədrisində üçmərhələli öyrənmə prosesindən istifadə edirik. Bunlar öyrənmə, möhkəmləndirmə və tətbiqetmə mərhələləridir. Bütün mövzular bu prinsip əsasında qurulur. İbtidai siniflərdə isə konkret, təsviri və mücərrəd mərhələlərdən ibarət CPA yanaşmasına əsaslanırıq. Buna bəzən Sinqapur modeli də deyilir. Məqsəd mücərrəd riyazi anlayışları əvvəlcə konkret əşyalar, daha sonra modellər və təsvirlər, sonda isə riyazi simvollar vasitəsilə şagirdlərə mənimsətməkdir”.

Z.İsayev bildirib ki, riyaziyyat dərsliklərində məsələ həlli əsas istiqamətlərdən biri kimi götürülüb:

“Birinci sinifdən doqquzuncu sinfə qədər bütün mövzular məsələ həlli ilə başlayır və məsələ həlli ilə bitir. Riyaziyyatda hesablamaların, tənliklərin həllinin, ifadələrin çevrilməsinin və digər biliklərin əsas məqsədi şagirdlərin məsələ həll etmək bacarıqlarını inkişaf etdirməkdir. Dərsliklərdə siniflər üzrə irəlilədikcə mövzular daha da genişləndirilir və dərinləşdirilir. Bunun üçün yeni tədris bloklarından istifadə olunur. Hər bölmənin sonunda isə STEM layihələri təqdim edilir. Bu layihələr şagirdlərin həmin bölmədə qazandıqları bilikləri müxtəlif istiqamətlərdə tətbiq etməsinə əsaslanır”.

Riyaziyyat dərsliklərinin müəllifi qeyd edib ki, yuxarı siniflərə keçdikcə dərsliklərə “Səhvi düzəlt”, “Riyazi kaleydoskop” və digər yeni rubrikalar da əlavə olunur.

Onun sözlərinə görə, bütün bu yanaşmalar şagirdlərin riyazi anlayışları mənimsəməsi ilə yanaşı, öyrəndiklərindən praktik tapşırıqların həllində istifadə etməsinə yönəlib.