Yeni kurikulumlar təsdiqlənəcək - Daha sadə struktur yaradılıb

19 Noyabr, 2026 - 11:13
Yeni kurikulumlar təsdiqlənəcək

Azərbaycanda 10 fənn kurikulumu təkmilləşdirilərək təsdiqlənib. Yaxın aylarda daha 7–8 fənn üzrə kurikulumun təsdiqlənməsi gözlənilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib.

Onun sözlərinə görə, təkmilləşdirmə prosesi yalnız riyaziyyat fənnini deyil, digər fənləri də əhatə edir:

“Təhlillər zamanı fənlərin məzmununda müəyyən yüklənmələrin olduğunu müşahidə etdik. Buna görə də bəzi mövzular ixtisar olunaraq optimallaşdırıldı. Əvvəlki kurikulum sənədlərinin həcminin böyük olması onların oxunmasını müəyyən qədər çətinləşdirirdi. Yeni sənədlərdə daha sadə və anlaşıqlı strukturun yaradılmasına çalışdıq”.

M.Məhərrəmov qeyd edib ki, təkmilləşdirmə zamanı beynəlxalq təcrübə də nəzərə alınıb. Xüsusilə Sinqapurun “Marshall Cavendish” şirkətinin mütəxəssisləri yerli mütəxəssislərlə əməkdaşlıq edərək məzmunun qiymətləndirilməsində iştirak ediblər.