Dərsliklərin ictimai müzakirəsində fəallıq zəifdir - Zaur İsayev

19 Noyabr, 2026 - 11:29
Dərsliklərin ictimai müzakirəsində fəallıq zəifdir

Məktəb dərslikləri kütləvi istifadəyə verilməzdən əvvəl bir neçə ay ictimai müzakirəyə çıxarılsa da, bu prosesdə kifayət qədər fəallıq müşahidə olunmur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru, dərslik müəllifi Zaur İsayev riyaziyyat dərsliklərinin ictimai müzakirəsində bildirib.

Onun sözlərinə görə, dərsliklərin hazırlanması prosesində ictimaiyyətin rəy və təkliflərinin öyrənilməsi mühüm mərhələlərdən biridir:

“Dərsliklər çapa göndərilməzdən əvvəl bir neçə ay ictimai müzakirəyə çıxarılır. Bu barədə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən ictimaiyyətə məlumat verilir. Sosial şəbəkələr və televiziya vasitəsilə də müvafiq elanlar paylaşılır. Həmin müddətdə təhsilin inkişafına töhfə vermək istəyən hər kəs öz rəy və təkliflərini təqdim edə bilər. Təəssüf ki, ictimai müzakirələrdə kifayət qədər fəallıq göstərilmir. Dərsliklər məktəblərə çatdırıldıqdan sonra isə onlarla bağlı müxtəlif iradlar səsləndirilir”.

Z.İsayev qeyd edib ki, dərsliklər hazırlanarkən müəllimlərin fikirləri də mütəmadi öyrənilir. Sınaq mərhələsində hər bir mövzu və tapşırıqla bağlı müəllimlər arasında ətraflı sorğular keçirilir, onların rəyləri təhlil olunur.

Onun sözlərinə görə, Təhsil İnstitutunun əməkdaşları pilot məktəblərdə dərsləri müşahidə edir, təxminən 2–3 ay davam edən monitorinqlərin nəticələri hesabat şəklində müəllif heyətinə təqdim olunur:

“Birinci sınaq mərhələsindən sonra dərsliklər təkmilləşdirilir və ikinci sınağa təqdim olunur. İkinci mərhələdə də monitorinqlər, müşahidələr və müəllimlərlə müzakirələr davam edir. Müəllif heyəti ilə müəllimlər arasında canlı vebinarlar da keçirilir. Bu prosesdə hər bir mövzunun və tapşırığın tədris zamanı necə işlədiyi öyrənilir. Məqsədimiz aşkar olunan çatışmazlıqları aradan qaldırmaqdır. İctimai müzakirələrdə fəal iştirak isə gələcək dərsliklərin daha da təkmilləşdirilməsinə kömək edə bilər”.