Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb 

19 Noyabr, 2026 - 11:38
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb 

Yeni riyaziyyat dərsliklərində şagirdlərin bilik və bacarıq səviyyələri nəzərə alınaraq müxtəlif çətinlik dərəcələrində tapşırıqlara yer verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində riyaziyyat dərsliklərinin müəllifi Zaur İsayev bildirib.

Onun sözlərinə görə, müəllimlər tərəfindən səsləndirilən əsas iradlardan biri dərsliklərin bütün şagirdlərin səviyyəsinə uyğun olmaması ilə bağlıdır:

“Nəzərə almalıyıq ki, bir sinifdə 25–30 şagird təhsil alır və onların riyazi təfəkkürü, bilik və bacarıq səviyyələri fərqlidir. Bütün şagirdləri eyni dərəcədə qane edəcək dərslik hazırlamaq mümkün deyil. Buna görə də diferensial təlim üçün dərsliklərdə müxtəlif çətinlik səviyyələrinə uyğun tapşırıqlar təqdim etmişik. Sadə, orta və mürəkkəb tapşırıqların verilməsində məqsəd şagirdlərin fərdi imkanlarını nəzərə almaqdır. Lakin burada əsas rol yenə də müəllimə məxsusdur. Şagirdlərin səviyyələrinə uyğun tapşırıqların seçilməsi və onların qruplaşdırılması müəllimin nəzarəti altında həyata keçirilməlidir”.

Z.İsayev bildirib ki, ibtidai siniflər üçün hazırlanan metodik vəsaitlərdə müəllimlərə əlavə riyazi məlumatlar da təqdim olunur. Bu məlumatlar müxtəlif riyazi anlayışların, o cümlədən ədədlər nəzəriyyəsinə aid xassə və əlamətlərin daha aydın izahına xidmət edir.

Onun sözlərinə görə, metodik vəsaitlərdə müəllimlər üçün tövsiyələrə, eləcə də şagirdlərin daha çox səhvə yol verdikləri məqamlarla bağlı izahlara yer ayrılıb.

Riyaziyyat dərsliklərinin müəllifi qeyd edib ki, pilot mərhələdə müəllimlərin rəyləri əsasında şagirdlərin çətinlik çəkdikləri mövzular müəyyənləşdirilir, tapşırıqların sayı və mürəkkəblik səviyyəsi yenidən nəzərdən keçirilir.