Azərbaycanda dərsliklər ekspertizadan keçmədən istifadəyə verilmir - Elnur Əliyev

19 Noyabr, 2026 - 10:49
Azərbaycanda dərsliklər ekspertizadan keçmədən istifadəyə verilmir

“Azərbaycanda elə bir dərslik yoxdur ki, müvafiq ekspertizadan keçmədən kütləvi istifadəyə verilsin. Hər bir dərslik nəşrdən əvvəl mütəxəssislər tərəfindən qiymətləndirilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, xüsusilə ehtiyat dərsliklərin hazırlanması zamanı sınaq və qiymətləndirmə prosesinə geniş yer ayrılır:

“Dərslik hazırlandıqdan sonra pilot mərhələsinə başlanılır. Bu dövrdə dərsliklər ictimaiyyətin rəy bildirməsi üçün müvafiq portalda yerləşdirilir. Toplanan rəylər müəllif heyəti tərəfindən yenidən nəzərdən keçirilir və onların nə dərəcədə nəzərə alına biləcəyi müzakirə olunur. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin ekspertizası həyata keçirilir. Dərsliklər müvafiq elmi tədqiqat institutlarına göndərilir ki, onların məzmunu həmin sahədə çalışan alimlər tərəfindən də qiymətləndirilsin”.

E.Əliyev qeyd edib ki, dərsliklərin qiymətləndirilməsində Dövlət İmtahan Mərkəzi (DİM) də iştirak edir:

“Müvafiq normativ sənədə əsasən, dərsliklərin ekspertizası Dövlət İmtahan Mərkəzinin də vəzifələrinə daxildir. Hər bir dərslik kütləvi istifadəyə verilməzdən əvvəl DİM ekspertləri tərəfindən də qiymətləndirilir. Bu prosesdə dərsliklərlə bağlı çoxsaylı rəylər təqdim olunur. Yəni dərsliklər ciddi mütəxəssis baxışından keçirilir”.

ARTİ rəsmisi vurğulayıb ki, bu proses dərsliklərin kütləvi istifadəyə verilməzdən əvvəl təkmilləşdirilməsinə imkan yaradır.