“Təhsilin keyfiyyəti birbaşa direktorun idarəetmə bacarıqlarından asılıdır” – Hikmət Əlizadə 

18 Noyabr, 2026 - 16:04
“Təhsilin keyfiyyəti birbaşa direktorun idarəetmə bacarıqlarından asılıdır”

Məktəbdə təhsilin keyfiyyəti yalnız müəllimlərin peşəkarlığı və şagirdlərin akademik göstəriciləri ilə deyil, eyni zamanda idarəetmənin düzgün qurulması ilə də sıx bağlıdır. Bu prosesdə məktəb direktorlarının üzərinə mühüm məsuliyyət düşür. 
Bəs müasir məktəb direktoru hansı idarəetmə keyfiyyətlərinə malik olmalıdır və effektiv rəhbərlik təlim nəticələrində özünü necə göstərir?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə bildirib ki, müasir dövrdə məktəb direktoru yalnız inzibati işləri icra edən şəxs deyil, təhsil müəssisəsini inkişaf etdirən strateji rəhbərdir:

“Təhsilin keyfiyyəti birbaşa onun idarəetmə bacarıqlarından asılıdır.  Məlum olduğu kimi, məktəb direktoru təkcə inzibati işlərlə məşğul olmur, həm də tədris proqramlarının icrasına və təhsilin keyfiyyətinə nəzarət edir. Dərsləri mütəmadi müşahidə edir və müəllimlərə konstruktiv məsləhətlər verir. Bu zaman, təbii ki, təhsildə müasir təlim konsepsiyalarının və texnologiyalarının tətbiqini təşviq etməyə çalışır. Amma təşviqlə yanaşı, o, yeni metodologiyaların tətbiq edilməsi üçün zəruri didaktik şəraitin yaradılmasını təmin etməlidir. Məktəbdə laboratoriya, kitabxana və rəqəmsal avadanlıqlar müəllim və şagirdlərin istifadəsi üçün əlçatan olmalıdır.

Müasir məktəb direktoru şagirdlərin qiymətləndirmə nəticələrini təhlil edərək məktəbin inkişaf strategiyasını qurmalıdır. Zəif nəticə olan sahələr üzrə vaxtında tədbirlər görməlidir. Məsələn, valideynləri məktəb həyatına cəlb etmək və onların tədris prosesində fəal tərəfdaş olmasını təmin etmək pedaqoji təcrübədə aprobasiyadan uğurla çıxmış  yollardan biridir. Ailə və məktəb arasında qurulan güclü körpü şagirdlərin davamiyyətinə və nizam-intizamına müsbət təsir göstərir.
 Müəllimlərin peşəkar inkişafı məktəb direktorunun dai diqqət mərkəzində olmalıdır. Pedaqoji inkişaf təhsilin keyfiyyətinin artmasında mühüm rol oynayan amillərdən biridir. Bu gün təlim metodologiyaları sürətlə dəyişir, təkmilləşir. Müəllimlərin zamanın tələb etdiyi metodologiyaları öz təcrübələrində istifadə etməsi zərurətə çevrilir. Buna görə də məktəb direktorlarının müəllimlərin güclü və zəif tərəflərini müəyyənləşdirərək, onlar üçün təlimlər və seminarlar təşkil etməsi zərurətə çevrilir”.

Müsahibimiz qeyd edib ki, müəllimlərin əməyini qiymətləndirən və onlara etimad göstərən direktor kollektivdə iş məmnuniyyətini artırmağa nail ola bilir: 

“Motivasiyalı müəllim dərsə daha yaradıcı və məsuliyyətli yanaşır. Lakin qiymətləndirmə yalnız obyektiv və şəffaf olduqda müsbət nəticə verə bilir. Buna görə də məktəb direktorları müəllimlərin pedaqoji fəaliyyətini daima nəzarətdə saxlayaraq, daha yüksək nəticələr əldə edən müəllimləri fərqləndirərək, onların pedaqoji təcrübəsinin digər müəllimlər arasında yayılmasına çalışmalıdır.  

Pedaqoji tədqiqatlar göstərir ki, məktəbdaxili münasibətlərdə himanizm prinsipi, mənəvi-mədəni dəyərlər üstünlük təşkil etdiyi hallarda şagirdlərin təlim uğurları yüksək olur. Bu konteksdə direktor məktəb mühitini bu prinsipin tələbləri çərçivəsində formalaşdıraraq bullinqin qarşısını alan, hər bir şagirdin özünü dəyərli və təhlükəsiz hiss etdiyi sosial inkişaf şəraiti yaratmağa  çalışmalıdır. Bu, məktəbdə şəffaf ünsiyyət qurmağa, müəllimlər arasında təcrübə mübadiləsini aparmağa və birgə qərarvermə mədəniyyətini inkişaf etdirməyə kömək edə bilər”.

H.Əlizadə vurğulayıb ki, elmi-pedaqoji və psixoloji tədqiqatlar göstərir ki, müasir məktəb öz məzmun və struktur komponentləri baxımından yüksək səviyyəyə çatmaq üçün məktəb direktorunun əsas bacarıqlara malik olmasını tələb edir:

“Sağlam, şəffaf kollektiv mühit yaratmaq, maddi-texniki və maliyyə resurslarını səmərəli bölüşdürmək, tədris prosesini dərindən anlamaq, müəllimlərlə peşəkar dialoq quraraq onlara gündəlik metodik yardım göstərmək, sinif mühitini və pedaqoji prosesləri təhlil edərək yarana biləcək çətinlikləri əvvəlcədən görmək və qabaqlayıcı tədbirlər həyata keçirmək, kollektivdə dəstəkləyici mühit formalaşdırmaq, məsuliyyəti və təşəbbüsləri düzgün bölüşmək, cəmiyyətin və əmək bazarının müasir tələblərinə uyğun olaraq şagirdlərin gələcək inkişafını təmin edən uzunmüddətli strategiyalar qurmaq, məktəb ilə ailə arasında davamlı və etibarlı ünsiyyət mexanizmləri yaratmaq,  müasir informasiya-kommunikasiya texnologiyalarından həm tədrisin təşkilində, həm də məktəbin idarə olunmasında aktiv istifadə etmək bu bacarıqlar arasındadır”.

Professor vurğulayıb ki, məktəb direktorlarının idarəetmə bacarıqlarının gücləndirilməsi üçün davamlı peşəkar inkişaf proqramları, mentorluq sistemləri və rəqəmsal idarəetmə alətlərinə ehtiyac var:
“Müasir təhsil liderliyi yalnız inzibati nəzarəti deyil, həm də pedaqoji rəhbərlik, həm də məktəb icması ilə effektiv ünsiyyəti əhatə edir.

Direktor vəzifəsinə namizədlər üçün xüsusi liderlik və idarəetmə akademiyaları təşkil edilsə, yaxşı olar. Bu proqramlar nəzəri biliklərlə yanaşı, praktiki “keys-stadi” (vəziyyət təhlili) həllərini də əhatə edə bilər. Bu istiqamətdə resursların səmərəli bölüşdürülməsi və məktəbin inkişaf strategiyasının hazırlanması üzrə təlimlər keçirilməsi məqsədəuyğun olardı. Həmçinin eyni regionda və ya oxşar şəraitdə fəaliyyət göstərən direktorların müntəzəm görüşləri və təcrübə mübadiləsi platformaları yaradılması müsbət rol oynaya bilər. Bununla yanaşı, şagird nailiyyətlərini, davamiyyət göstəricilərini real vaxt rejimində izləməyə imkan verən vahid elektron sistemlərinin yaradılması faydalı olardı”.

Şura sədri bildirib ki, gündəlik texniki və sənədləşmə işlərinin müavinlər və ya inzibati heyət arasında düzgün bölüşdürülməsi direktorun strateji məsələlərə daha çox vaxt ayırmasına şərait yaradır:
“Müəllim, şagird və valideyn üçbucağında yaranan mübahisələrin sağlam həlli və sağlam məktəb mühitinin qurulması üçün psixoloji dəstək və kommunikasiya təlimlərinin keçirilməsi məqsədəuyğun olardı. Bütün bunlarla yanaşı, məktəb direktorları, o cümlədən müəllimlər özünüinkişafla məşğul olmalıdırlar. Azərbaycan məktəblərində həmişə müdrik direktorlar olub, bu gün də var. Hesab edirəm ki, onların təcrübəsinin öyrənilməsi və yayılması direktorların fəaliyyətində mühüm rol oynaya bilər”.