Dərslikdən narazıyıq, bəs müzakirədə haradayıq?
Məktəb dərslikləri ilə bağlı narazılıqları, iradları, sosial şəbəkələrdəki müzakirələri yəqin ki, hər birimiz görürük. Bəzən bir mövzunun izahı, bəzən tapşırığın çətinliyi, bəzən də hansısa tarixi və ya elmi faktın təqdimatı ciddi mübahisələrə yol açır. Valideynlər övladlarının istifadə etdiyi kitabların keyfiyyətinə həssas yanaşır, müəllimlər dərs prosesində qarşılaşdıqları çətinlikləri dilə gətirir, ayrı-ayrı mütəxəssislər məzmunda gördükləri çatışmazlıqlara diqqət çəkirlər. Bütün bunlar təbiidir. Axı söhbət yüz minlərlə şagirdin təhsil aldığı sistemin ən vacib resurslarının birindən gedir.
Amma dərsliklərlə bağlı müzakirələrdə tez-tez diqqətdən kənarda qalan bir məqam var. Cəmiyyətin narazılığını bildirmək imkanı olduğu kimi, həmin narazılıqların aradan qaldırılmasına təsir göstərmək imkanı da mövcuddur. Üstəlik, bu imkan dərslik çap olunub məktəblərə göndərildikdən sonra deyil, hələ layihə mərhələsində yaradılır.
Bəs ictimaiyyət bu imkandan nə dərəcədə istifadə edir?
Dərslik birbaşa müəllifdən şagirdə gəlmir
Bir dərsliyin hazırlanması onun müəllif tərəfindən yazılması və nəşriyyat tərəfindən çapa göndərilməsi ilə bitmir. Şagirdin qarşısına çıxana qədər kitab bir sıra qiymətləndirmə və müzakirə mərhələlərindən keçir. Bu prosesin mühüm hissələrindən biri də ictimai iştirakçılıqdır.
Dərslik layihələri Dövlət İmtahan Mərkəzinə təqdim edilir, eyni zamanda www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilərək geniş ictimaiyyətin müzakirəsinə açılır. Yəni müəllimlər, alimlər, pedaqoqlar, valideynlər və digər maraqlı şəxslər layihələrlə tanış ola, irad və təkliflərini bildirə bilərlər.
Bununla da kifayətlənilmir. Layihələr aidiyyəti dövlət qurumlarına, ali təhsil müəssisələrinə və elmi təşkilatlara da müvafiq sahələr üzrə rəy və təkliflərin alınması üçün göndərilir. Toplanan rəylər nəşriyyatlara təqdim olunur və həmin təkliflər əsasında dərsliklər təkmilləşdirilir.
Sonrakı mərhələdə dərsliklərin ümumi təhsil müəssisələrində istifadəsinə icazə verilməsi üçün qrif verilməsi prosesi həyata keçirilir. Mövcud qaydalara əsasən, dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini toplamalıdır.
Beləliklə, dərsliklərin məzmununun yoxlanılması, müzakirəsi və təkmilləşdirilməsi üçün bir neçə mərhələdən ibarət mexanizm mövcuddur. Lakin mexanizmin yaradılması hələ onun bütün potensialından istifadə edilməsi demək deyil.
Dərslik layihələrinin ictimai müzakirəsi ilə bağlı açıqlanan rəqəmlər bu baxımdan düşündürücüdür. Mütəxəssislərin fəallığı ilə geniş ictimaiyyətin iştirakçılığı arasında ciddi fərq müşahidə olunur. Məsələn, “Azərbaycan tarixi 7” dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn mütəxəssisləri tərəfindən 1000-dən çox rəy və təklif təqdim edilib. İctimaiyyətdən daxil olan rəylərin sayı isə cəmi 21 olub.
“Biologiya 9” dərslik layihəsi üzrə mütəxəssislərin rəylərinin sayı 530-dan çox olduğu halda, ictimaiyyət yalnız 3 təkliflə çıxış edib. “Riyaziyyat 7” layihəsinə fənn mütəxəssisləri tərəfindən 300-dən çox rəy təqdim olunsa da, ictimaiyyətdən heç bir təklif daxil olmayıb. “Fizika 9” dərsliyi üzrə də mütəxəssislərin 480-dən çox rəyi qeydə alındığı halda, ictimaiyyətin rəyi sıfır olub.
Bu rəqəmlər bir neçə sual doğurur. Dərsliklərin keyfiyyəti ilə bağlı narazılıqların tez-tez səsləndirildiyi bir şəraitdə layihələrin açıq müzakirəsinə maraq niyə bu qədər aşağıdır? Sosial şəbəkələrdə müzakirə etdiyimiz, irad bildirdiyimiz məqamları dərslik hələ layihə formasında olarkən aidiyyəti üzrə təqdim etməyə niyə eyni həvəsi göstərmirik?
Əlbəttə, ictimai rəyin əhəmiyyəti onun sayı ilə ölçülmür. Əsaslandırılmış bir təklif çoxsaylı səthi rəylərdən daha faydalı ola bilər. Ancaq bəzi dərslik layihələri üzrə, ümumiyyətlə, heç bir ictimai təklifin daxil olmaması da düşündürücüdür. Bu, ictimai müzakirələrin əhatə dairəsinin genişləndirilməsinə ehtiyac olduğunu göstərir.
Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Elm və Təhsil Nazirliyi üçün əsas məsələ dərsliyin hansı müəllif tərəfindən yazılması və hansı nəşriyyat tərəfindən çap olunması deyil, şagirdlərin istifadəsinə hansı keyfiyyətdə kitabın təqdim edilməsidir. Nazirlik hər hansı nəşriyyatı və ya müəllifi müdafiə etmək niyyətində olmadığını, prosesin bütün iştirakçılarının məsuliyyət daşıdığını önə çəkir.
Dərslik layihələri qiymətləndirilərkən Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri, müxtəlif sahələr üzrə ekspertlər, elmi və ali təhsil müəssisələrinin nümayəndələri rəy və təkliflərini təqdim edirlər. Bəs dərsliklər barəsində iradlar səsləndiriləndə bu mütəxəssislərin mövqeyi harada qalır? Rəy təqdim etmək qiymətləndirmə prosesində iştirak etmək qədər, verilmiş rəyin elmi və peşəkar əsaslarını izah etmək də əhəmiyyətlidir. Əgər bir mütəxəssis dərsliyin müəyyən meyarlara uyğun olduğunu təsdiqləyibsə, sonradan həmin dərsliklə bağlı iradlar ortaya çıxanda öz qiymətləndirməsinin arxasında dayanmalı, zərurət yarandıqda mövqeyini yenidən nəzərdən keçirməlidir.
Əslində, dərsliklərə münasibətdə cəmiyyətin gözləntisi aydındır: məzmun elmi baxımdan dəqiq, pedaqoji cəhətdən əsaslandırılmış, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olmalıdır. Bu tələblər müzakirə mövzusu deyil. Lakin həmin tələblərin reallaşması üçün yalnız irad bildirmək kifayət etmir.
Məsələn, müəllim dərs prosesində hansısa mövzunun şagirdlər tərəfindən mənimsənilməsində çətinlik yarandığını müşahidə edirsə, bunu layihə müzakirəsi zamanı əsaslandırılmış şəkildə təqdim edə bilər. Valideyn dərslikdəki tapşırığın uşağın yaş səviyyəsinə uyğun olmadığını düşünürsə, bu barədə rəy bildirə bilər. Alim elmi faktın təqdimatında yanlışlıq aşkar edirsə, onun düzəldilməsi üçün konkret təklif verə bilər.
Beləliklə, ictimai müzakirə təkcə fikir bildirmək platforması yox, dərsliyin məzmununa təsir göstərmək üçün bir fürsətdir.
Dərsliklərin keyfiyyəti ilə bağlı tələblər nə qədər yüksəkdirsə, onların hazırlanması prosesində iştirakçılıq da bir o qədər geniş olmalıdır. Bu məsuliyyət, əlbəttə, ilk növbədə dərslikləri hazırlayan, qiymətləndirən və təsdiqləyən qurumların üzərinə düşür. Bununla yanaşı, müəllimlərin, valideynlərin, alimlərin və bütövlükdə cəmiyyətin də bu prosesdə rolu var.
Dərsliklərə irad bildirmək üçün onların çap olunmasını gözləmək lazım deyil. Çünki kitab hələ layihə formasında olarkən dəyişiklik etmək, yanlışlığı aradan qaldırmaq, məzmunu təkmilləşdirmək imkanı mövcuddur.
Bəlkə də, dərsliklərlə bağlı müzakirələrdə artıq başqa bir sualı da gündəmə gətirməyin vaxtıdır: daha yaxşı dərslik istəyən cəmiyyət onun hazırlanmasına nə qədər töhfə verir?




