Süni intellekt dövründə yeni bacarıqların mənimsənilməsi vacibdir - Professor

18 Noyabr, 2026 - 14:14
Süni intellekt dövründə yeni bacarıqların mənimsənilməsi vacibdir - Professor

“Süni intellektin inkişafı əmək bazarında mövcud peşələrin məzmununu dəyişir. Buna görə də insanların yeni texnologiyalara uyğun bilik və bacarıqlar qazanması vacibdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Gələcəyin Peşələri Sammiti” çərçivəsində keçirilən “Qlobal dəyişikliklərdən fərdi bacarıqlara” adlı panel sessiyada Midlseks Universitetinin informasiya sistemləri və biznes hesablamaları üzrə professoru Georqios Dafulas səsləndirib.

Onun sözlərinə görə, süni intellektin əmək bazarına təsiri bütün sahələrdə eyni olmayacaq. Bu səbəbdən işçilərin bacarıqlarının inkişaf etdirilməsində hər bir sahənin xüsusiyyətləri nəzərə alınmalıdır.

Professor Azərbaycanda təhsil sahəsində çalışan yüzlərlə mütəxəssisə təlim keçdiyini bildirərək ölkədə bu istiqamətdə görülən işləri müsbət qiymətləndirib:

“Azərbaycana 11-ci səfərimdir. Əsasən təhsil sektorunda çalışan yüzlərlə azərbaycanlıya təlim keçmişəm. Ölkədə texnoloji dəyişikliklərin müxtəlif sahələrə təsirinin nəzərə alınması müsbət haldır. Lakin əldə olunan nəticələrə baxmayaraq, bu istiqamətdə əlavə investisiyalara ehtiyac var”.

G.Dafulas Azərbaycanın 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyasını mühüm başlanğıc kimi qiymətləndirib və texnoloji yeniliklərə uyğunlaşmaq üçün insanların peşə bacarıqlarının davamlı inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.