İbtidai təhsilin keyfiyyəti aşağıdırsa, digər pillələrin keyfiyyətinin yüksəlməsi mümkünsüzdür - Nazir
“Əhatəlilik baxımından həm peşə təhsilində, həm də ali təhsildə əsaslı artım görürük. Bunu son 10 ilin göstəricilərinə nəzər salaraq görə bilərik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində səsləndirib.
Nazir bildirib ki, ən vacib məsələ təhsilin keyfiyyətidir: “İstənilən təhsil pilləsində məzmun, tədrisin keyfiyyəti, yəni təhsil verənlərin bacarıqları, qiymətləndirmə, ölçmə və sonda verilən diplomun arxasında dayanan səriştələr və ya bacarıqlar vacibdir. Məncə, bizim ən böyük problemlərimiz məhz buradadır. Niyə məhz buradadır? Çünki pillələrarası əlaqəni yaxşı başa düşmək lazımdır. Biz birmənalı olaraq anlamalıyıq ki, istənilən təhsil sistemində ibtidai təhsilin keyfiyyəti aşağıdırsa, digər yuxarı təhsil pillələrinin keyfiyyətinin öz-özünə yüksəlməsi mümkün deyil”.
Emin Əmrullayev bildirib ki, son illərdə təhsil sistemində əsas prioritetlərdən biri ibtidai təhsillə bağlıdır: “Bunun həqiqətən də başqa yolu yoxdur. Bu, zaman tələb edir, bəlkə də bir neçə on il tələb edir. Bizdə “ibtidai” sözü də bəzən mənanı düzgün ifadə etmir. Sanki “başlanğıc təhsil” mənasına gəlir. Halbuki söhbət, məncə, baza təhsilindən gedir. Yəni hər bir vətəndaşın malik olmalı olduğu minimal biliklərin verildiyi mərhələdən. Hazırda bizdə bu, dörd ildir. Amma şərti olaraq IX sinfə qədər olan dövrə də baxa bilərik. Çünki həmin mərhələdə də səmərələşmə baş verməlidir”.
Nazir qeyd edib ki, təhsilin keyfiyyətinə təsir edən obyektiv səbəblərdən biri uzun illər ərzində ibtidai təhsilimizin keyfiyyətinin o qədər də yüksək olmamasıdır:
“Amma yenə də yaxşı xəbər budur ki, biz ibtidai təhsilin tədricən yaxşılaşmasını görürük və bu istiqamətdə işlər görürük.
Xatırlayırsınızsa, sertifikatlaşdırma imtahanlarında ən çox iştirak edən və əvvəlki nəticələrinə əsasən əlavə dəstəyə ehtiyacı olan müəllimlər məhz ibtidai sinif müəllimləri idi. Bir həqiqət də bundan ibarətdir. Mən bu fikri hansısa ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya həmin şəxslərin bacarıqlarını kiçiltmək məqsədilə səsləndirmirəm. Fakt ondan ibarətdir ki, müxtəlif təhsil səviyyələrində dərs deyən müəllimlərimizin böyük bir qismi ali təhsilli olmayan, orta ixtisas təhsilli müəllimlərdir. Bu, uzun müddət müəllim çatışmazlığı olduğu üçün belə formalaşıb”.




