Fizika dərsliyinin müəllifindən ittihamlara CAVAB

20 Noyabr, 2026 - 14:23
Fizika dərsliyinin müəllifindən ittihamlara

Fizika dərsliklərinin məzmunu və keyfiyyəti, eləcə də onlarda yol verildiyi iddia edilən səhvlər Baku TV-də yayımlanan “Aktual gündəm” proqramında müzakirə edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, hazırkı 7-11-ci sinif fizika kurikulumunun layihə rəhbəri, 7-ci sinif fizika və 8-ci sinif fizika dərsliyinin 1-ci hissəsinin həmmüəllifi Yalçın İslamzadə sosial media hesabında paylaşım edərək ittihamlara cavab verib.

O, ilk növbədə, verilişin aparıcısı Elçin Əlibəylinin ifadələrini peşə etikasına uyğun hesab etmədiyini bildirib. Onun sözlərinə görə, “Müəllifləri arı vurub”, “Yəqin evlərində belə maddə var” kimi ifadələr jurnalistin peşə etikasına yaraşmır və belə üslub məqbul deyil.

Professor Şahlar Əsgərovun “zəfərimizə kölgə salmaq istəyən düşmən qüvvələr” ifadəsinə də münasibət bildirən müəllif bu yanaşmanı əsassız hesab etdiyini vurğulayıb: “Şahlar müəllimin bu ifadəsinə münasibətim belədir: mən Füzuli, Anar müəllim Beyləqan, Dünyamalı müəllim isə Laçın rayonunun kəndlərindənik. Bizik düşmən qüvvələr? Bizik ‘zəfərə kölgə salmaq əməliyyatının’ iştirakçıları? Mən Şahlar müəllim kimi alim və pedaqoqdan belə yanaşma gözləmirdim. Səhvlər, xətalar olur. Bunu düşmənliyə bağlamaq əsassızdır, lazımsızdır. Heç kim qəsdən, bilərəkdən səhv etmir”.

Avtomobil mühəndisi Elçin Abbasovun fizika dərslikləri ilə bağlı iradlarına toxunan müəllif onun ixtisasca fizik olmadığını, fizika müəllimi kimi çalışmadığını və sinifdə dərs demədiyini qeyd edib. E.Abbasovun müxtəlif avadanlıqların yaxşı nümunələrini hazırlamaq bacarığını yüksək qiymətləndirsə də, bunun fizikanın tədrisi və dərsliklərin hazırlanması sahəsində mütəxəssis olmaq anlamına gəlmədiyini bildirib.

Y.İslamzadə Elçin Abbasovun dərsliklərdə 300-ə yaxın məzmun səhvi aşkarladığı barədə iddiasını da şübhə altına alıb və bu səhvlərin hansı meyarlarla müəyyənləşdirildiyini sorğulayıb. Daha sonra müəllifi olduğu materiallara aid konkret iradlara cavab verib.

O, ölçü vahidlərinin müəyyənləşdirilməsi ilə bağlı müasir elmi yanaşmalardan xəbərdar olduğunu, lakin bu məlumatların 7-ci sinif şagirdlərinə akademik formada təqdim edilməsinin pedaqoji baxımdan məqsədəuyğun olmadığını bildirib: “Mən də çox yaxşı bilirəm ki, kütlə etalonu, uzunluq etalonu artıq fiziki sabitlərə əsasən müəyyən olunan vahidlərlə əvəz olunub. Lakin bunu 7-ci sinifə “İşığın vakuumdakı sürətinin....” kimi izah etmək pedaqoji olaraq məqbul deyil. Şagirdlər bu metodu anlamazlar, dərslik yazılanda akademik dəqiqlik yox, yaş xüsusiyyəti nəzərə alınır. Nümunə kimi, dünyada onminlərlə məktəbdə milyonlarla şagirdin oxuduğu A-level kitabından şəkil əlavə edirəm. 

“Om qanununu közərmə lampası ilə sübut ediblər!” mən də közərmə lampasının volt-amper qrafikini bilirəm. Elçin Abbasov xaricdən detallar sifariş edib qurğular düzəldə bilər. Ancaq 4000-dən artıq məktəbdə əlçatan yalnız kiçik közərmə lampasıdır ki, məcbur onu yazmışıq. Aşağı gərginliklərdə közərmə lampası da təqribən cərəyanın gərginliyə mütənasib olduğu element kimi götürülə bilər. Buna dair də beynəlxalq kitabdan şəkil əlavə edirəm. 

Maqnit məsələsi, gətirdiyi paslanmaz polad onlarla paslanmaz polad nümunəsindən biridir. Maqnit tərəfindən cəzb olunan paslanmaz polad da var. Bu bölməni yazanda çox başağrısı çəkmişdik. “Cambrigde” sadə şəkildə “maqnetik olan və olmayan materiallar” yazdığı halda, bizdən “ferromaqnit, diamaqnit, paramaqnit” anlayışlarını daxil etməyimizi tələb edirdilər-akademik dəqiqlikmiş. Beynəlxalq təhsildən xəbəri olmayanlar bilmirlər ki, orta məktəb üçün anlaşılır olmaq akademik dəqiqliyə güzəştə gedilir. Adətən istisnalar yox, ümumi qanunauyğunluq verilir. Məsələn deyilir ki, “cisimlər qızdırıldıqda genişlənir”. “Su istisnadır” deyə əlavə olunmur. Onlarla belə misal verə bilərək. 

Elektrik bəhsindəki iradı sona qədər oxumayıb. "Həmin cisimlərin hər ikisi yüklənmiş olmalıdır" əvəzinə, "yüklənmiş cisim neytral cismi cəzb edir desəydik", daha böyük fırtına qopardı. Məncə mətni tam oxuyanda çatdırılmaq istənilən mesaj tam alınır. Buna dair təcrübəli bir DİM mütəxəssisinin də yazdığı rəyi əlavə edirəm”.

Müəllifin fikrincə, dərsliklərdə aşkarlanan nöqsanlar düşmənçilik və ya qəsdən yanlış məlumat vermək kimi təqdim edilməməli, konstruktiv şəkildə müzakirə olunaraq aradan qaldırılmalıdır: “Amansız düşməni ifşa etmiş kimi gülərək, sevinərək, oppanaraq proqrama çıxmaqla nə əldə edirlər, anlamıram. Səhvlər olmamalıdır, birmənalı. Əlbətdə sonrakı müəlliflər də Günəşdəki reaksiyaların kimyəvi reaksiya olmadığını bilirlər, texniki səhv olub. Bunun çıxış yolu bu səhvləri qeyd edib növbəti nəşrdə düzəltməkdir. Minlərlə diaqram, düstur, qrafik, rəqəm-ədəd, kəmiyyət, vektor işarəsi olan, rəssam, redaktor, korrektor, rəyçilər, müəlliflər arasında gedib gələn dərsliklərdə səhvlərin olması gözləniləndir. Olmasa çox yaxşı olardı, olubsa, növbəti nəşrdə düzəldilməlidir. 

Adətən belə olur, heç kim müzakirədə iştirak etmir. Bir nöqsan görürsə, düşünür ki, “Niyə deyim? Səhv eləsinlər, sonra istifadə edərəm”, – deyə qeyd edilib.

Fizika dərsliyinin müəllifindən ittihamlara
Fizika dərsliyinin müəllifindən ittihamlara
Fizika dərsliyinin müəllifindən ittihamlara
Fizika dərsliyinin müəllifindən ittihamlara
Fizika dərsliyinin müəllifindən ittihamlara