Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb

20 Noyabr, 2026 - 11:08
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb

Noyabrın 19-da Ağdaş Dövlət Humanitar Kollecində İİV/QİÇS infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin maarifləndirilməsi, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbir təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir İİV üzrə Səyyar Könüllü Müayinə və Məsləhət Məntəqəsinin və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin açılış nitqi ilə çıxış edən kollecin direktoru Mirvari Ağayeva qlobal səhiyyə problemlərindən biri olan İİV/QİÇS-lə mübarizədə maarifləndirmənin, profilaktik tədbirlərin və ictimai məsuliyyətin əhəmiyyətini vurğulayıb.

Tədbirdə qonaq qismində iştirak edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir bölməsinin rəhbəri Yeganə Aslanova İİV infeksiyasının yoluxma yolları, profilaktikası, erkən diaqnostikanın əhəmiyyəti və müasir müayinə imkanları barədə ətraflı məlumat verib.

Digər qonaq – Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq, Kanal 32 Media Şəbəkəsinin rəhbəri İnqilab Şirinli çıxışında cəmiyyətin məlumatlandırılmasında medianın roluna, sağlamlıq məsələlərinə həssas yanaşmanın və düzgün informasiyanın ictimaiyyətə çatdırılmasının vacibliyinə toxunub.

Tədbirin gedişində kollecin pedaqogika-psixologiya müəllimi Könül Pasayeva və 1 saylı şöbənin müdiri Bibixanım Zahidova da mövzu ətrafında fikirlərini bölüşərək sağlam həyat tərzinin formalaşdırılması və gənclərin maarifləndirilməsinin vacibliyini qeyd ediblər.

Kollecin psixologiya müəllimi Vüqarə Nəsirovanın moderatorluğu ilə davam edən tədbirdə tələbələr fəal iştirak edərək qonaqlara mövzu ilə bağlı suallar ünvanlayıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində iştirakçılara İİV statusunun müəyyənləşdirilməsi, anonim və ödənişsiz ekspress-test müayinəsi, eləcə də fərdi məsləhət xidmətləri barədə məlumat verilib.

Bu cür maarifləndirici təşəbbüslər gənclərin sağlamlıq savadlılığının artırılması, sosial məsuliyyət hissinin gücləndirilməsi və sağlam cəmiyyətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.