Kolleclərin qəbul planı hazırlanarkən məşğulluq göstəriciləri nəzərə alınacaq

20 Noyabr, 2026 - 15:39
Kolleclərin qəbul planı hazırlanarkən məşğulluq göstəriciləri nəzərə alınacaq

“Kolleclərə növbəti tədris ili üzrə tələbə qəbulunun planlaşdırılması zamanı məzunların əmək bazarına çıxışı və ixtisaslar üzrə məşğulluq göstəriciləri də nəzərə alınacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib.

Onun sözlərinə görə, müvafiq dövlət qurumlarından alınan məlumatlar əsasında kollec məzunlarının işə düzəlmə və məşğulluq göstəriciləri ixtisaslar üzrə təhlil edilib:

“Bu dəfə tələbə qəbulu nəticələri ilə yanaşı, məzunların əmək bazarına çıxışı və məşğulluq göstəriciləri barədə məlumatları da təqdim etməyə çalışacağıq. Müvafiq dövlət qurumlarından aldığımız məlumatlar əsasında kollecləri bitirənlərin işə düzəlmə vəziyyəti ixtisaslar üzrə nəzərdən keçirilib. Hesab edirik ki, bu məlumatlar növbəti qəbulun planlaşdırılması üçün vacibdir. Kolleclər tələbə qəbulu planlarını hazırlayarkən məzunların məşğulluq göstəricilərini də nəzərə almalıdırlar. Məqsədimiz növbəti illər üçün daha düzgün qəbul planlaşdırılmasının təmin edilməsidir”.

T.Süleyman bildirib ki, 2027/2028-ci tədris ili üzrə tələbə qəbuluna dair layihələr artıq təqdim olunub və hazırda baxılma mərhələsindədir.

T.Süleyman qeyd edib ki, müzakirələrdən sonra zərurət yaranarsa, kolleclərin təqdim etdikləri qəbul planlarında dəyişiklik edilməsi məsələsinə də baxıla bilər.