Kolleclərin boş plan yerlərinə ixtisas seçimi davam edir

25 Sentyabr, 2026 - 09:59
Kolleclərin boş plan yerlərinə ixtisas seçimi davam edir

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 27 sentyabr saat 23:59-dək davam edəcək.

Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından “məqbul” alan abituriyentlər buraxılırlar.

İxtisas seçimi in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

25 sentyabr saat 09:15-ə olan məlumata əsasən 1356 abituriyent (Azərbaycan bölməsi – 1222, rus bölməsi - 134) ərizəsini təsdiq edib.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.