Kolleclərə doqquzillik təhsil bazasından qəbul məhdudlaşdırıla bilər
“Azərbaycanda qiyabi təhsilalma formasına tətbiq edilən məhdudiyyətlərin davam etdirilməsi, alternativ olaraq isə 2027–2030-cu illərdə distant təhsilin inkişaf etdirilməsi və tətbiqinə başlanılması planlaşdırılır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib.
Onun sözlərinə görə, kolleclərə doqquzillik təhsil bazasından qəbulun məhdudlaşdırılması və qiyabi təhsil imkanlarının azaldılması istiqamətində aparılan dəyişikliklər davam edəcək:
“Biz başa düşürük ki, həm doqquzillik təhsil bazasından qəbulla bağlı məhdudiyyətlər, həm də qiyabi təhsilin demək olar ki, aradan qaldırılması kollecləri narahat edən məsələlərdir. Lakin bu dəyişikliklər beynəlxalq təcrübə və mövcud tələblər nəzərə alınmaqla həyata keçirilir. Alternativ olaraq distant təhsil və digər modelləri nəzərdən keçiririk. Artıq 2027–2030-cu illər üzrə strategiyanın ilkin layihəsində distant təhsil formasının gücləndirilməsi və tətbiqinə başlanılması nəzərdə tutulub. Ancaq bu, distant təhsilin dərhal orta ixtisas təhsili pilləsində tətbiq ediləcəyi demək deyil. Həmin modelin məktəblərdə, peşə təhsili müəssisələrində və digər təhsil pillələrində tətbiqi imkanları da nəzərdən keçiriləcək”.
T.Süleyman qeyd edib ki, qarşıdakı mərhələdə təhsilalma formaları ilə bağlı dəyişikliklər kolleclərin fəaliyyətinin və tələbə qəbulunun planlaşdırılmasında nəzərə alınmalıdır.




