Kolleclərdə ixtisasların təsnifatında dəyişikliklər ediləcək
2027–2030-cu illər ərzində orta ixtisas təhsili müəssisələrində tədris olunan ixtisasların təsnifatına yenidən baxılması, yüksək texniki peşə təhsili ilə təkrarlanan istiqamətlərin aradan qaldırılması nəzərdə tutulur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib.
Onun sözlərinə görə, hazırda kvalifikasiyaların beşinci səviyyəsi üzrə həm yüksək texniki peşə, həm də orta ixtisas təhsili mövcuddur:
“Beşinci səviyyədə yüksək texniki peşə təhsili ilə orta ixtisas təhsilinin müəyyən istiqamətlərdə təkrarlanması halları var. Bu məsələlərin yenidən təhlil olunması planlaşdırılır. Artıq nazirlik tərəfindən peşə təhsili üzrə ixtisasların təsnifatı yenilənib. Xüsusilə beşinci səviyyədə yüksək texniki peşə ixtisasları ilə kolleclərdə tədris olunan ixtisasların uyğunlaşdırılmasına çalışmışıq. Məqsəd təkrarlanma və üst-üstə düşmə hallarını aradan qaldırmaqdır. 2027–2030-cu illər üzrə nəzərdə tutulan dəyişikliklər çərçivəsində orta ixtisas təhsilinin beşinci səviyyəsinə və mövcud ixtisas təsnifatına münasibətdə də yeniliklər gözlənilir”.
T.Süleyman qeyd edib ki, bu istiqamətdə aparılan dəyişikliklər kolleclərin gələcək fəaliyyətinə və tələbə qəbulunun planlaşdırılmasına da təsir göstərəcək.
Şöbə müdiri bildirib ki, qarşıdakı dövrdə əsas məsələlərdən biri orta ixtisas təhsili ilə yüksək texniki peşə təhsilinin kvalifikasiya səviyyələri üzrə fərqlərinin daha aydın müəyyənləşdirilməsidir.




