Geyim müəllimin peşəkar obrazını tamamlayır - Mütəxəssis

7 Oktyabr, 2026 - 16:26
Geyim  müəllimin peşəkar obrazını tamamlayır

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblərin müəyyənləşdirilməsi məktəb mühitində işgüzar üslub, peşəkar davranış mədəniyyəti ilə bağlı vahid yanaşmanın formalaşdırılmasına xidmət edir. Müəyyən edilən tələblərə əsasən, müəllimlərin geyimi sadə və işgüzar olmalıdır.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova bildirib ki, təhsilverənlərin geyiminə dair ümumi tələblərin müəyyənləşdirilməsi məktəbdə peşəkar mədəniyyətin formalaşdırılması baxımından müsbət addımdır.

Onun sözlərinə görə, müəllimin görünüşü onun peşəkar obrazının bir hissəsidir:

“Səliqəli, sadə və işgüzar geyim həm müəllim peşəsinin cəmiyyətdəki təqdimatına, həm də məktəb mühitinin ümumi atmosferinə təsir göstərir. Müəllim yalnız biliyi ilə deyil, davranışı, ünsiyyəti və özünü təqdimetmə mədəniyyəti ilə də şagird üçün nümunədir”.

P.Məmmədova qeyd edib ki, şagird müəllimin yalnız söylədiklərini deyil, onun gündəlik davranışını da müşahidə edir:

“Bu baxımdan müəllimin peşəkar görünüşü məktəbə, tədris prosesinə və öz peşəsinə münasibətin bir ifadəsidir. Səliqəli və işgüzar geyim məktəbdə qarşılıqlı hörmət və davranış mədəniyyətinin güclənməsinə də töhfə verə bilər”.

Sədr müavininin fikrincə, geyim mədəniyyəti müəllimin peşəkar obrazını tamamlayan mühüm elementlərdən biridir:

“Müəllimin biliyi, pedaqoji bacarığı, etik davranışı, şagirdə münasibəti və peşəkar inkişafı onun nüfuzunu formalaşdıran əsas amillərdir. Səliqəli və işgüzar geyim isə bu peşəkarlığın görünən tərəfini tamamlayaraq müəllim obrazının daha dolğun təqdim olunmasına xidmət edir”.

P.Məmmədova hesab edir ki, geyimlə bağlı tələblərə müəllim nüfuzunun gücləndirilməsinə yönəlmiş daha geniş yanaşmanın bir elementi kimi baxmaq lazımdır.

“Dünyanın bir çox təhsil sistemində peşəkar görünüş ümumi məktəb mədəniyyətinin tərkib hissəsi kimi qəbul olunur. Azərbaycanda da müəyyən çərçivələrin yaradılmasını müsbət qiymətləndirirəm. Bununla yanaşı, bu çərçivələrin aydın, ölçülü və inklüziv olması, müəllimlərin peşə fəaliyyətinin spesifikasını nəzərə alması vacibdir”.

Onun sözlərinə görə, müəyyən edilən geyim tələbləri məktəbdə peşəkar yanaşmanın və qarşılıqlı hörmətə əsaslanan mühitin daha da güclənməsinə xidmət edə bilər:

“Bu yanaşma məktəbdə peşəkarlığı, qarşılıqlı hörməti və müəllim statusunu dəstəkləyən ümumi mədəniyyətin formalaşmasına töhfə verə bilər”.