Övladının təhsilini təmin etməyən valideynlər inzibati məsuliyyət daşıyırlar – Dövlət Komitəsi 

23 Oktyabr, 2026 - 15:37
Övladının təhsilini təmin etməyən valideynlər inzibati məsuliyyət daşıyırlar

“Valideynin övladının icbari təhsilini üzrlü səbəb olmadan təmin etməməsi qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır. Lakin məsuliyyət tədbirləri tətbiq edilməzdən əvvəl uşağın dərsdən qalma səbəbləri hərtərəfli araşdırılmalıdır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirib. 

Qeyd edilib ki, Ailə Məcəlləsinin 58-ci və “Təhsil haqqında” Qanunun 34-cü maddələrinə əsasən, valideyn övladının icbari təhsilini təmin etməyə borcludur. Bu vəzifənin üzrlü səbəb olmadan yerinə yetirilməməsi İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən inzibati məsuliyyət yaradır.

Komitədən əlavə edilib ki, uşaqların təhsil hüququnun təmin olunmasında valideynlərin üzərinə mühüm məsuliyyət düşür:

“Valideyn laqeydliyi, dərsə davamiyyətə nəzarət edilməməsi və uşağın təhsildən yayınmasına şərait yaradılması onun hüquq və qanuni mənafelərinin pozulması kimi qiymətləndirilir. Komitəyə daxil olan müraciətlərin təhlili göstərir ki, belə halların yaranmasında sosial çətinliklər və boşanma prosesi əsas amillər sırasındadır. Buna görə də uşağın təhsildən yayınma səbəbləri, ailənin sosial vəziyyəti və valideynlərin davranışı hərtərəfli qiymətləndirilməlidir”.

Məlumata görə, dərsə davamiyyətsizlik mütəmadi xarakter aldıqda təhsil müəssisəsi tərəfindən səbəblər araşdırılmalı, ailə ilə profilaktik iş aparılmalı və məlumatlar aidiyyəti qurumlara göndərilməlidir:

“Zərurət yarandıqda yerli icra hakimiyyətləri yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya da prosesə cəlb olunmalıdır. Eyni zamanda, uşağın təhsildən yayınması qeydiyyata alınmalı və onun dərsə davamiyyətinin bərpası üçün fərdi nəzarət təmin edilməlidir. Bu prosesdə sosial-psixoloji amillərin aradan qaldırılması, ailələrlə fərdi işin aparılması və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır”.

Komitədən dərsdən qalma hallarının davamlı yayınmaya çevrilməsinin qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi də vurğulanıb:

“Bu istiqamətdə erkən xəbərdarlıq sisteminin yaradılması, təhsil və sosial xidmət orqanları arasında operativ məlumat mübadiləsi, valideynlərin maarifləndirilməsi, risk qrupundakı ailələrə sosial-psixoloji dəstəyin göstərilməsi, normativ bazanın təkmilləşdirilməsi və nəticəyönümlü monitorinqlərin təşkili məqsədəuyğun hesab edilir. Əsas məqsəd cəzalandırma deyil, uşağın icbari təhsilə davamlı inteqrasiyasının təmin olunmasıdır”, - rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 189.1. maddəsinə görə,  yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə valideynə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə edilir.