Dərsliklər sinfə gələnədək hansı yoxlamalardan keçir? – ARTİ açıqladı

12 Noyabr, 2026 - 15:50
Dərsliklər sinfə gələnədək hansı yoxlamalardan keçir?

Dərslikdə təqdim olunan məlumatların şagirdlər üçün aydın və anlaşıqlı olması həm ekspert qiymətləndirməsi, həm də real tədris prosesində aparılan yoxlamalar vasitəsilə müəyyənləşdirilir. Bu məqsədlə dərsliklərin hazırlanması və qiymətləndirilməsi bir neçə mərhələdən ibarət kompleks proses kimi təşkil olunur. İlk mərhələdə yeni hazırlanan dərsliklər elm və təhsil nazirinin əmri ilə müəyyənləşdirilmiş ümumtəhsil müəssisələrində sınaqdan keçirilir. Pilot tətbiq, bir qayda olaraq, bir il, bəzi fənlər üzrə isə iki il davam edir.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) məlumat verilib.

Məlumata görə, pilot mərhələdə dərsliklərin müxtəlif regionlarda və real tədris şəraitində tətbiqi təmin edilir:

“Pilot sınağı müddətində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Tədris resursları şöbəsinin təşkilatçılığı və iştirakı ilə məktəblərdə ildə iki dəfə - birinci və ikinci yarımilin sonunda monitorinqlər aparılır. Monitorinqlər zamanı dərslikdə təqdim olunan məlumatların şagirdlər üçün aydın və anlaşıqlı olması, mətnlərin mənimsənilməsi, tapşırıqların yerinə yetirilməsi zamanı yaranan çətinliklər birbaşa tədris prosesində araşdırılır”.

İnstitutdan bildirilib ki, bununla yanaşı, dərsliklər bir neçə istiqamət üzrə ekspertiza və ictimai müzakirəyə təqdim olunur. Dərsliyin layihəsi Elm və Təhsil Nazirliyinin müvafiq ekspert komissiyaları tərəfindən qiymətləndirilir, Dövlət İmtahan Mərkəzinin müvafiq ekspert komissiyalarında ekspertizadan keçirilir, Azərbaycan Milli Elmlər Akademiyasının aidiyyəti institutlarına mütəxəssis rəylərinin alınması üçün təqdim olunur. Bundan başqa, ali təhsil müəssisələrinin müvafiq fənn mütəxəssislərinin rəy və təklifləri öyrənilir, elektron versiyaları TRIMS portalında yerləşdirilərək ictimai müzakirəyə çıxarılır.

Bu qiymətləndirmə istiqamətləri Elm və Təhsil Nazirliyinin dərsliklərin ekspertizasına dair məlumatında da öz əksini tapır. Həmin məlumatda ekspertlərin dərsliklərin dövlət standartlarına və kurikuluma uyğunluğunu, məzmunun elmi etibarlılığını, pedaqoji yanaşmaları, dil və yazı üslubunu, bədii tərtibatını və dizaynını qiymətləndirdiyi bildirilir.

ARTİ-dən qeyd olunub ki, qiymətləndirmə və müzakirələr zamanı daxil olan bütün rəy və təkliflər sistemləşdirilərək dərslik müəlliflərinə təqdim olunur. Müəlliflər həmin rəylər əsasında müvafiq təkmilləşdirmələr aparır və yenilənmiş dərsliklər təkrar ekspertizaya göndərilir.

Son mərhələdə təkmilləşdirilmiş dərsliklər Elm və Təhsil Nazirliyində yekun ekspertizadan keçirilir. Dilçi mütəxəssislər tərəfindən dil və üslub uyğunluğu yenidən yoxlanıldıqdan sonra dərsliyin kütləvi tətbiqi ilə bağlı qərar qəbul edilir.

İnstitutun məlumatında o da vurğulanıb ki, dərsliklərin anlaşıqlılığına dair yekun qənaət yalnız müəlliflərin və ekspertlərin ilkin qiymətləndirməsi əsasında formalaşmır.

"Müəllimlərin rəyləri, müxtəlif qurumların ekspert təklifləri, ictimai müzakirələrin nəticələri və ən əsası, dərsliyin real tədris şəraitində tətbiqi zamanı əldə olunan müşahidələr birlikdə nəzərə alınır.

Bu yanaşma dərsliklərin yalnız nəzəri baxımdan deyil, praktik tədris baxımından da səmərəliliyini və şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğunu təmin etməyə xidmət edir", - rəsmi məlumatda qeyd olunub.