Pedaqoji Kollecdə müasir tikiş emalatxanası istifadəyə verilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 11 müasir tikiş maşını ilə təchiz edilmiş tədris emalatxanası istifadəyə verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, emalatxana “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” ixtisası üzrə təhsil alan tələbələr üçün yaradılıb. Burada tələbələr nəzəri biliklərini təcrübədə tətbiq edəcək, praktiki bacarıqlarını inkişaf etdirəcək və istehsalat vərdişlərinə yiyələnəcəklər.
Emalatxana kolleclə “Bakı Tikiş Evi” ASC arasında sentyabrın 25-də imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində təşkil olunub. Əməkdaşlığın məqsədi təhsillə istehsalat arasında əlaqələri gücləndirmək, tələbələrin peşə hazırlığını əmək bazarının müasir tələblərinə uyğunlaşdırmaq və praktiki tədris imkanlarını genişləndirməkdir.
Açılışda “Bakı Tikiş Evi” ASC-nin icraçı direktoru Paşa Budaqov, müəssisənin nümayəndələri və kollecin rəhbərliyi iştirak ediblər.
Tədbirdə emalatxananın tələbələrin peşə hazırlığında rolu, müasir avadanlıqlardan praktiki məşğələlərdə istifadə imkanları və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.




