Səhnəyə çıxarmağa qorxduğu mahnı ona böyük uğur gətirdi - Müəllimin bəstəkarlıq məharəti
Şəhid anasına təsəlli, məktəblilərə örnək – “Mənim qazi qardaşım” mahnısı yazıldı
Qurban olum Şuşaya dəyən ayaqlarına,
Dərman olum ruhunda qalan yaralarına.
Sən oğulsan savaşın şəhid analarına,
Sən bütöv bir vətənsən, mənim qazi qardaşım.
Bu şeir parçası notlara qoşulub, nəğmələrin ahənginə düşüb və nəticədə bir mahnı yaranıb. Elə bir mahnı ki, insan duyduqca fərəhlənir, duyğulanır və fəxr edir. Söhbət zəfərin 5-ci ildönümü ərəfəsində Vətən savaşında canını ortaya qoyan qazilərə həsr olunmuş mahnıdan gedir.
Bəs bu mahnı necə ərsəyə gəlib?
“Azərbaycan müəllimi” notların arxasınca düşərək, mahnının tarixinə nəzər salıb. Mahnının bəstəkarı NDU-nun İncəsənət fakültəsinin, eləcə də universitet nəzdində fəaliyyət göstərən Gimnaziya və Kembric məktəbinin musiqi müəllimi Samirə Turandır. 35 ildir ki, pedaqoji fəaliyyəti olan müəllim ilk fəaliyyətinə Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində başlayıb.
Qazilərə həsr olunan mahnı ilk dəfə onun dirijorluğu ilə İncəsənət fakültəsinin tələbələri və universitet nəzdində fəaliyyət göstərən İngilis dili təmayüllü Gimnaziya və Beynəlxalq Məktəbin (Kembric) şagirdlərinin ifasında səsləndirilib.
Samirə xanım mahnının yaranmasından danışır: “Mən avqust ayından düşünürdüm ki, noyabr ayında Zəfər günü ilə bağlı bir konsert təşkil edim və çox istəyirdim ki, onu təkbaşına edim. Çünki mən həmin insanlara qarşı mənəvi borcumu ödəmək istəyirdim.
Həmişə kreativ ideyaları sevən olmuşam, yəni eşidilməmiş, çox toxunulmamış mövzuları araşdırmağı sevirəm. Qaziləri şəhidlər qədər uca, müqəddəs tuturam. Çünki qazi mənim şəhidimin qanını üzərində daşıyır. Qazilər olmasa, biz vətən torpaqlarının necə azad olunmasını, o döyüşlərin necə baş verdiyini öyrənə bilmərik. Onlar bizim yaşayan tariximizdir. Və bir gün mən belə bir araşdırma apardım, gördüm ki, şəhidlər haqqında çoxlu mahnılar, poemalar, şeirlər var, amma qazilər haqqında heç bir şey yoxdur. Şairə Təranə xanıma müraciət elədim ki, bəlkə sizdə qazilər haqqında bir şeir ola. O, mənə öz şeirini göndərdi”.
Şeiri oxuyandan sonra o, müəllifdən xahiş edib ki, bir bənd dəyişilsin. Səbəbini isə belə izah edir: “Bir gün, yenə Təranə xanımın kitab təqdimatında Naxçıvan Qazilər Şurasının sədri, Ali Məclisin deputatı, mayor Təbriz Zeynalovla tanış oldum. Ayaqüstü qısa bir söhbətimiz zamanı mən bu insanda vətənpərvərlik hissinin necə yüksək olduğunu gördüm və bu məni çox duyğulandırdı. Ona görə Təranə xanımdan xahiş etdim ki, Təbriz müəllimin adı o şeirdə keçsin. Şeirdə “Təbriz azad olsun” deyə belə bir misra var. Maraqlı və ən çox sevdiyim odur ki, orada Təbriz Zeynalovla yanaşı, insanların çoxu bizim qədim şəhərimiz Təbrizi də nəzərdə tuturlar. Mən bilmədən də çox gözəl bir incə mövzuya toxunmuşam”.
Bu yolun işıqlı, məşəltək olsun deyə,
Torpağa göz olmusan, göz üstə qalsın deyə.
Təbriz, Qarabağ azad ad alsın deyə,
Qırmsan zəncirləri, mənim qazi qardaşım!
Beləliklə də mahnı yazılır. Samirə xanım deyir ki, hazır olanda heç kəsə bu haqda məlumat verməyib. Çünki səhnəyə çıxarmağa risk etməyib: “Amma mənə necə xoş ki, ilk dəfə mahnının burada gimnaziyanın səhnəsində səsləndirdik. Mahnı çox böyük şöhrət qazandı, çox gözəl rəylər yazıldı”.
Hazırlıq prosesinə gəlincə, müəllim deyir ki, mahnını səsləndirənlər əvvəldən seçilmiş uşaqlar olub: “Xorun təmiz səslənməsi üçün isə biz ora yalnız xüsusi istedadı olan uşaqları seçdik. Musiqiçilər azad insanlardır, onları qəlibə salanda işləyə bilmirlər. Mən xahiş elədim ki, hazırlıq prosesinə heç kəs müdaxilə etməsin. Tədbirin ssenarisi tək yazıldı, hər şeyə özüm nəzarət elədim”.
Gələcək planlara gəlincə isə, Samirə xanımın bir arzusu var, mahnını Şəmistan Əlizamanlı birləşmiş xorla bir yerdə ifa eləsin: “Təranə xanımın bir neçə mahnısına musiqlər bəsləmişəm. Fikrimiz var ki, gələcəkdə birgə bir yaradıcılıq gecəsi təşkil eləyək”.
Keçdiyin o savaşdan qürurla danışırsan,
Hər anı, dəqiqəni yaşayaraq anırsan.
Səngəri ayaqlayıb, mühasirə yarırsan,
Azadlığın simvolu mənim qazi qardaşım.
Artıq məlum olduğu kimi, mahnının sözləri Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, şair-publisist Təranə Arifqızına məxsusdur.
O, Vətən müharibəsi mövzusunda ilk kitab yazan yazarlardan biridir. “Qarabağda 44 gün” kitabı Zəfərdən bir ay sonra nəşr olunub. Şəhidlərimizlə bağlı onlarla bədii-publisistik məqalələr yazıb, Naxçıvan radiosunda “Vətən əmanəti” proqramının müəllifi və aparıcısıdır. Deyir ki, o proqrama şəhid ailələri ilə bərabər qəhrəman qaziləri də dəvət edir, onların həyat və döyüş yolları haqqında söhbət edərək qürurlanır. Qazilərlə bağlı şeir yazmağa necə qərar verdiyinə gəlincə isə, “bu ağrı dolu qürurdan, sevincdən, göz yaşından qazilərimizin ünvanına onlarla poeziya nümunəsi doğulub” deyir. “Mənim qazi qardaşım” şeiri də bu şeirlərdən biridir:
“Vətən müharibəsi, zəfərimiz, şəhidlərimiz, qazilərimiz kimi mövzular günümüzdə yaradıcı insanların qırmızı xəttidir və belə də olmalıdır. Bizim kimi insanlar hər hansı bir ədəbiyyat nümunəsini qərar verib yazmır. O zaman onun təsiri olmaz”.
Samirə xanım isə mahnı üçün ondan şeir istəyəndə çox sevinib: “Samirə xanım qazilərimizlə bağlı diqqətçəkən, onların adına layiq mahnının olmamasını dilinə gətirdi və bu mövzuda şeirin varmı?- deyə soruşdu. Mən də onun bu addımını alqışladım. Beləliklə, şeiri göndərdim. Amma bəstəkarın istədiyi bəzi məqamları da şeirə əlavə etdim. Dinləyənlərin fikrinə görə yaxşı alınıb”.
Mahnını ilk dəfə eşidəndə isə göz yaşlarına hakim ola bilməyib: “Bilirsiniz, elə anlar var ki, onların təsviri olmur. Dinləyəndən sonra gördüm ki, şeirlə musiqinin vəhdətində çox gözəl bir əsər alınıb. Sanki, mahnı ilə birlikdə bütün Qarabağı, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq səhnələri gözümün önündən keçirdi. Bir də şagirdlərin və tələbələrin mahnının ilk ifaçısı olması məni çox sevindirdi. Onlar necə sevərəkdən, ürəkdən oxuyurdular mahnını”.
Müəllif deyir ki, bu təşəbbüs gənclərin vətənpərvər ruhda tərbiyə almasına da kömək edə bilər:
“Mənə elə gəlir ki, bu mahnını uşaqdan böyüyə hamı sevəcək. Kimin ifasında olmasından asılı olmayaraq, hamı dinləmək istəyəcək. Neçə bağca müəlliməsi məndən mahnının sözlərini istəyib. Bağcalarda, orta, ali təhsil müəssisələrində bu kimi mahnıları təbliğ etmək lazımdır. Əgər uşaq, yeniyetmə, gənclərin beyninə bu kimi mahnıları yeritsək, onların musiqi anlayışlarına vətənpərvər mövzuda yazılmış mahnılar da əlavə etsək, sonunda bir xalq olaraq yenə də biz qazanarıq. Necə ki, keçən əsrin 90-cı illərində yaranmış “Əsgər marşı” indi də dillər əzbəridir. İnanıram ki, “Mənim qazi qardaşım” da xalqımızın sevdiyi sənət əsərləri sırasında olacaqdır. Mən buna əminəm”.
O da Samirə xanımla birlikdə iş birliyi edəcəyini deyir: Samirə Turan “Mənim qazi qardaşım”dan başqa müəllifin bir neçə şeirinə də müraciət edib. “Azərbaycanlıyam, oğuz türküyəm” şeirinə də mahnı yazıb: “İnşallah, gələcəklə bağlı yaxşı fikirlərimiz var”, – deyir.
Mahnı tələbə və şagirdlərin ifasında daha cəsarətli və axıcı səslənir. Onu ifa edənlər isə qürurludurlar.
Şagird Zəhra Əliyeva da bunu deyir: “Bu gün xoşbəxtəm ki, bu mahnıda ifaçı kimi iştirak edirəm. Müəllimlə də fəxr edirəm ki, belə bir mahnı yazıb. Bu mahnıda biz qazilərimizi bir daha xatırlayırıq”.
Bəlkə danışmadığın nələr var ürəyində,
Əbədilik yazılıb yaddaşında, beyində,
Qurur, sevinc, kədər var geydiyin bu geyimdə,
Canlı tarix dərsimiz- mənim qazi qardaşım.
Doğrudan da qazilər bizim canlı tariximizdir və onlardan öyrənməli olduğumuz çox şeylər var. Bu kimi mahnılarla isə onların qanları bahasına qazandıqları şöhrət sərhədlər aşacaq. Onların fəxarət dolu ömür yollarının əks olunduğu nəğmə şəhid anasına təsəlli, məktəblilərə örnək olacaq.
Hə bir də heyf ki, yazının səsinı çatdırmaq mümkün deyil..


