2030-cu ilədək bütün məktəblərdə metodik dəstək sistemi qurulacaq
“Məqsəd 2030-cu ilə qədər ölkənin bütün məktəblərində metodik dəstəyin təmin olunmasıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktik beynəlxalq konfransda məruzə ilə çıxış edərkən səsləndirib.
Onun sözlərinə görə, hədəf 2030-cu ilə qədər ölkə üzrə bütün ümumtəhsil müəssisələrində metodik dəstək sistemi qurmaqdır. Bu mexanizmin məqsədi müəllimlərin peşəkar inkişafını, məktəbdaxili pedaqoji mühitin gücləndirilməsini və tədris keyfiyyətinin yüksəldilməsini təmin etməkdir.
Elnur Əliyev qeyd edib ki, hazırlanan platforma müəllimlərin peşəkar ünsiyyəti, təcrübə mübadiləsi və inkişaf ehtiyaclarının qarşılanması üçün əsas resurs rolunu oynayacaq. O əlavə edib ki, nəticələri zəif olan istiqamətlər üzrə fərdi yanaşma və xüsusi dəstək mexanizmləri tətbiq ediləcək.


