Dərsliklərimizə xarici ekspertlər də rəy verirlər - Zaur İsayev

26 Noyabr, 2026 - 15:38
Dərsliklərimizə xarici ekspertlər də rəy verirlər

“Dərsliklər hazır olduqdan sonra ikiillik sınaq nəticəsində müəyyən təkmilləşdirmələr aparılır və ondan sonra dərsliklər kütləvi istifadəyə verilir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru, riyaziyyat dərsliklərinin layihə rəhbəri Zaur İsayev söyləyib.

O bildirib ki, bu il 7-ci sinif riyaziyyat dərslikləri kütləvi istifadəyə verilib: “2024-cü ildə birinci pilot, 2025-ci ildə ikinci pilot, 2026-cı ildə isə kütləvi istifadəyə verilib.

Pilot layihənin çox böyük əhəmiyyəti var. Pilota təqdim olunan təhsil materialları geniş müzakirələrdən keçir. Onları öz müəlliflərimiz hazırlayır, xarici ekspertlər rəy bildirirlər. Həmçinin müəllimlərin, valideynlərin, müəllimlərin və şagirdlərin də fikirlərini öyrənirik. İki il ərzində bu materiallar təkmilləşdirilir.

Bu proses, əsasən, Azərbaycanın 50 məktəbini əhatə edir. Müxtəlif ümumtəhsil müəssisələri, Azərbaycanın bütün regionları – dağ kəndləri, şəhər məktəbləri, ucqar yaşayış məntəqələri pilot prosesə cəlb olunur. Yəni Azərbaycanın bütün mənzərəsini bu pilot prosesdə əks etdirmək imkanımız olur”.

Z.İsayevin sözlərinə görə, bu, tapşırıqların mürəkkəbliyi, materialların düzgünlüyü və ardıcıllığı baxımından əhəmiyyətlidir: “Birinci ilin sonunda materialları təkmilləşdirərək ikinci il üçün təqdim edirik. İkinci ilin sonunda isə yenidən təkmilləşdirilərək kütləvi istifadə üçün Elm və Təhsil Nazirliyinə təqdim olunur.

Bu, çox geniş və hərtərəfli prosesdir. Bir neçə instansiyadan keçməklə çox böyük ekspertiza aparılır, materiallar dərindən yoxlanılır. Burada Dövlət İmtahan Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları, universitetlər bu prosesdə maksimum iştirak edirlər. Birbaşa rəy və müraciətlər əsasında da müvafiq düzəlişlər aparılır.

Təkmilləşdirmə başa çatdıqdan sonra üç-dörd ay ərzində ictimaiyyətdən, pedaqoji heyətdən, bu sahənin mütəxəssislərindən, həmçinin valideynlərdən və cəmiyyətin müxtəlif maraqlı qruplarından rəylər gözləyirik. Çox təəssüf ki, ictimai müzakirələrdə fəallıq gözlədiyimiz səviyyədə deyil”.

Müəllif bildirib ki, dərsliklər istifadə edildikdən sonra müəyyən fikirlər səsləndirilir: “Düzdür, onların əksəriyyətinə müəllif heyətinin kifayət qədər əsaslandırılmış cavabı var. Dərsliklərin hazırlanması prosesində bu məsələlər müəlliflər tərəfindən dönə-dönə müzakirə olunur. Demək olar ki, nəzərdən qaçırılan heç bir nüans qalmır. Amma bununla belə, ictimaiyyətin fikrini bilmək çox vacibdir. Çünki dərsliklər ilk növbədə məktəb və müəllimlər üçündür və onların fikirlərinin öyrənilməsi önəmlidir”.

O qeyd edib ki, təkmilləşdirildikdən sonra, yəni artıq bu il 7-ci sinif, növbəti ildə isə 8-ci sinif riyaziyyat dərslikləri kütləvi istifadəyə veriləcək.

“Statistikaya baxsaq, bu il nazirliyə göndərilən rəylərin sayı təxminən 300-400-ə qədərdir.

Bunlar Elm və Təhsil Nazirliyinin öz ekspertizasından, Dövlət İmtahan Mərkəzindən daxil olan rəylərdir. İctimai müzakirələrdə isə demək olar ki, cəmi 5-6 rəy daxil olur. Həmin rəylərdə də ciddi elmi qüsurlara toxunulmur. Rəylər sadəcə əvvəlki dərsliklərlə müqayisə xarakteri daşıyır. Məsələn, əvvəllər hansısa mövzu 6-cı sinifdə verilirdisə, indi 5-ci sinifdə verilir. Bu və ya digər anlayışın şagird tərəfindən necə qavranılması ilə bağlı suallar səsləndirilir.

Biz də buna əsaslandırılmış cavablar veririk. Mövzuların yerinin dəyişdirilməsi, ümumiyyətlə, riyaziyyat fənnində mövzu ardıcıllığı baxımından çox vacibdir. Burada səhvə yol vermək mümkün deyil, bu, yolverilməzdir. Əgər hər hansı bir anlayış müəyyən mərhələdə verilibsə, ondan sonra yeni anlayışın təqdim edilməsi çox prinsipialdır. Bu ardıcıllığın pozulması yolverilməzdir”.

Z.İsayev bildirib ki, ona görə də dərsliklərin hazırlanması zamanı bu məqamlar daim müəllif heyətinin diqqətində olur.