ATU kənd təsərrüfatı və meşəçilik sahəsində ölkə birincisi olub

26 Noyabr, 2026 - 09:54
ATU kənd təsərrüfatı və meşəçilik sahəsində ölkə birincisi olub

Azərbaycan Texnologiya Universiteti (ATU) beynəlxalq elmi reytinq platforması olan “AD Scientific Index”in 2027-ci il üzrə nəticələrində mühüm uğurlar əldə edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ümumi H-indeksi (Total H-Index) üzrə Azərbaycanın 34 ali təhsil müəssisəsi arasında 4-cü yerdə qərarlaşan ATU ölkənin aparıcı ali təhsil müəssisələri sırasındadır.

Universitet kənd təsərrüfatı və meşəçilik istiqaməti üzrə Azərbaycanda 1-ci, mühəndislik və texnologiya üzrə isə 3-cü yerdə qərarlaşıb.

ATU digər elmi istiqamətlər üzrə də yüksək nəticələr nümayiş etdirib. Universitet biznes və menecment üzrə 6-cı, iqtisadiyyat və ekonometrika üzrə 12-ci, tarix, fəlsəfə və teologiya üzrə isə 14-cü yerdə qərarlaşıb.

Kənd təsərrüfatı və meşəçilik istiqaməti üzrə ölkə liderliyi, eləcə də universitetin əsas ixtisaslaşma istiqamətlərindən olan mühəndislik və texnologiya sahəsində ilk üçlükdə təmsil olunması ATU-nun elmi-tədqiqat potensialının mühüm göstəricilərindəndir.

Universitetin reytinqdə təmsil olunan tədqiqatçılarının sayında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2026-cı il üzrə reytinqdə 27 tədqiqatçı ilə təmsil olunan ATU 2027-ci ildə bu göstəricini 49-a çatdırıb.

ATU-nun 2026-cı il üzrə fərdi elmi göstəricilərinə əsasən, universitetin 1 tədqiqatçısı dünya üzrə ən yüksək elmi göstəricilərə malik tədqiqatçıların ilk 20 faizində, 7 tədqiqatçısı isə ilk 30 faizində yer alıb.

“AD Scientific Index” ali təhsil və elmi-tədqiqat müəssisələrinin akademik heyətinin ümumi və son beş il üzrə H-indeksi, i10-indeksi və elmi əsərlərinə edilən istinadların sayı əsasında formalaşdırılan beynəlxalq qiymətləndirmə sistemidir.

Əldə olunan nəticələr Azərbaycan Texnologiya Universitetinin elmi-tədqiqat potensialının genişlənməsini, akademik heyətinin beynəlxalq elmi mühitdə təmsilçiliyinin artmasını və universitetin elmi nüfuzunun möhkəmlənməsini əks etdirir.

ATU kənd təsərrüfatı və meşəçilik sahəsində ölkə birincisi olub
ATU kənd təsərrüfatı və meşəçilik sahəsində ölkə birincisi olub