ADNSU-da kibertəhlükəsizlik və süni intellekt təhdidləri üzrə təlim keçirilib

25 Noyabr, 2026 - 15:47
ADNSU-da kibertəhlükəsizlik və süni intellekt təhdidləri üzrə təlim keçirilib

Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rəqəmsal İnkişaf şöbəsinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik sahəsinə baxış: İmkanlar və perspektivlər” mövzusunda interaktiv maarifləndirici sessiya keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, sessiyada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun elmi işçisi, Azərbaycan Kibertəhlükəsizliyi Təşkilatları Assosiasiyasının (AKTA) eksperti həmçinin kibermaarifləndirmə üzrə təlimçi Lamiyə Nəcəfova çıxış edib.

Sessiya çərçivəsində müasir kibertəhdidlərin inkişaf dinamikası, süni intellekt texnologiyalarının kibertəhdidlərin transformasiyasına təsiri, sosial mühəndislik hücumlarının vektorları və manipulyasiya mexanizmləri, insan amilindən qaynaqlanan kiberrisklərin idarə olunması, eləcə də proaktiv müdafiə strategiyaları və dayanıqlı kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması məsələlərinə toxunulub.Həmçinin kibertəhlükəsizlik sahəsində karyera imkanları və peşəkar inkişaf perspektivləri barədə məlumat verilib.

İnteraktiv formatda keçirilən sessiyada tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin yekununda tələbələr arasında kiçik bilik yarışı keçirilib. Yarışın nəticələrinə əsasən, universitetin tələbələri Davud Mehtiyev, Əli Cəfərzadə və Nuhhər Bəhrəmov fərqlənərək “Tədbirin kibertəhlükəsizlik bilicisi” adına layiq görülüblər.

Qeyd edək ki, sessiya gənclərin kibertəhlükəsizlik sahəsinə marağının artırılması, təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi və gələcək mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.

ADNSU-da kibertəhlükəsizlik və süni intellekt təhdidləri üzrə təlim keçirilib