Universitetlərdə mühazirələrə, yoxsa seminarlara daha çox vaxt ayrılmalıdır?
Ali təhsil müəssisələrində tədrisin keyfiyyəti yalnız tədris olunan fənlərin məzmunu ilə deyil, dərslərin təşkili və təlim metodlarının düzgün seçilməsi ilə də birbaşa bağlıdır. Universitetlərdə mühazirə və seminar dərsləri bu baxımdan tədris prosesinin əsas komponentləri hesab olunur. Mühazirələr tələbələrə nəzəri biliklərin sistemli şəkildə çatdırılmasına xidmət edirsə, seminarlar həmin biliklərin müzakirəsi, təhlili və praktik müstəvidə tətbiqi üçün imkan yaradır.
Bəs universitetlərdə mühazirə və seminar saatlarının bölgüsü hansı prinsiplər əsasında aparılmalıdır? Müasir ali təhsil modelində bu iki tədris formasından hansına daha çox üstünlük verilməlidir?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Pekin Pedaqoji Universitetinin təhsil texnologiyaları üzrə tədqiqatçısı Murad Əliyevin fikrincə, universitetlərdə mühazirə və seminar dərslərinə ayrılan vaxt yenidən nəzərdən keçirilməlidir:
“Mühazirələrin əhəmiyyətini azaltmaq istəmirəm. Ancaq bir məsələ məni düşündürür. Bu məsələ ondan ibarətdir ki, müəllimlər mövzunu izah etməyə xeyli vaxt ayırırlar, bəs tələbələrin həmin mövzunu müzakirə etməsinə, suallar verməsinə və öyrəndiklərini praktikada sınamasına nə qədər vaxt qalır? Hesab edirəm ki, universitetlərdə seminar və praktik məşğələlərə daha çox yer verilməlidir.
Bu mövqeyimi əsaslandıran araşdırmalar da var. Məsələn, ABŞ Milli Elmlər Akademiyasının araşdırmasında Friman və həmkarları (2014) 225 tədqiqatın nəticələrini təhlil ediblər. Məlum olub ki, ənənəvi mühazirələrdə tələbələrin 33,8 faizi fəndən keçə bilmədiyi halda, tələbələrin tapşırıqlar və digər fəaliyyətlər vasitəsilə dərsdə daha fəal iştirak etdiyi hallarda bu göstərici 21,8 faiz olub. Araşdırma təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat sahələrini əhatə edib.
Bu baxımdan tələbələrə mövzunu izah etmək vacib olsa da, onlara öyrəndikləri üzərində işləmək üçün də kifayət qədər vaxt verməliyik.
Digər maraqlı məqam tələbələrin özlərinin nə qədər öyrəndikləri barədə düşüncələri ilə bağlıdır. Deslauriers və həmkarlarının (2019) araşdırmasında ənənəvi mühazirələrdə iştirak edən tələbələr daha çox öyrəndiklərini düşünüblər. Lakin bilikləri yoxlanıldıqda dərs zamanı müxtəlif tapşırıqlar üzərində işləyən tələbələrin daha yaxşı nəticə göstərdiyi məlum olub. Bu, məncə, müəllimlərin də diqqət yetirməli olduğu məsələdir. Bəzən mövzu o qədər aydın izah olunur ki, tələbəyə hər şey asan görünür. Ancaq həmin mövzu üzrə müstəqil tapşırıq yerinə yetirmək lazım gələndə çətinlik çəkir. Yəni izahı başa düşmək hələ öyrənilənləri müstəqil şəkildə tətbiq etməyi bacarmaq demək deyil”.
Gələcək müəllim yalnız təlim nəzəriyyələrini bilməklə kifayətlənməməlidir
Müsahibimiz seminar və praktik məşğələlərin daha səmərəli təşkil olunmasını vacib hesab edir:
“Tələbə mühazirədə nəzəriyyəni öyrənə, seminarda isə həmin nəzəriyyə ilə bağlı konkret məsələləri araşdıra bilər. Məsələn, gələcək müəllim yalnız təlim nəzəriyyələrini bilməklə kifayətlənməməli, məktəbdə qarşılaşacağı vəziyyətlərdə hansı yanaşmanın daha uyğun olduğunu da müəyyənləşdirməyi bacarmalıdır. Eyni qaydada, mühəndislik və tibb kimi sahələrdə də nəzəri biliklərin konkret məsələlərin həllində istifadəsi böyük əhəmiyyət daşıyır.
Seminar və praktik məşğələlərdə tələbələrin mühazirədə öyrəndiklərini nə dərəcədə başa düşdüyünü və tətbiq edə bildiyini görmək mümkündür. Amma bir problem var: seminarların hamısı bu məqsədə xidmət etmir. Bəzən tələbələr əvvəlcədən hazırladıqları mövzuları növbə ilə danışır, müəllim bir neçə sual verir və qiymət yazır. Belə dərslərin sayını artırmağın ciddi faydası olmayacaq.
Məncə, seminarlarda hazır məlumatları təkrarlamaq əvəzinə tələbələrə müzakirə aparmaq, müxtəlif fikirləri müqayisə etmək və müəyyən problemlərin həlli yollarını araşdırmaq üçün daha çox imkan verilməlidir. Müəllim də yalnız cavabın düzgünlüyü ilə deyil, tələbənin həmin cavabı necə əsaslandırması ilə maraqlanmalıdır.
Bununla yanaşı, qiymətləndirmə üsullarına da yenidən baxmaq lazımdır. Əgər tələbədən dərsdə müstəqil təhlil aparmağı tələb ediriksə, imtahanda da bunu nəzərə almalıyıq. Məsələn, tələbədən bir nəzəriyyəni izah etməklə yanaşı, həmin nəzəriyyədən hansı vəziyyətdə və nə üçün istifadə edəcəyini də soruşmaq olar. Əks halda, seminar zamanı müzakirələrə əhəmiyyət versək də, tələbələr imtahanda yaxşı qiymət almaq üçün əsas diqqətlərini məlumatları əzbərləməyə yönəldəcəklər”.
M. Əliyev qeyd edib ki, bəzi fənlərdə dərs saatlarının 40 faizini mühazirələrə, 60 faizini isə seminar və praktik məşğələlərə ayırmaq olar:
“Bu təklifin əsas məqsədi mühazirə və seminarların bir-birini təkrarlamasının qarşısını almaqdır. Məsələn, müəllim mühazirədə mövzunun əsas hissələrini izah edə bilər. Bütün sualları elə həmin dərsdə cavablandırmağa ehtiyac yoxdur. Bəzi məsələləri seminara saxlamaq olar. Belə olduqda tələbələr seminara əvvəlcədən hazırlaşar, mühazirədə öyrəndikləri ilə bağlı suallarını verər və müəllimlə birlikdə daha çətin məsələləri araşdırarlar.
Ancaq bu bölgü hər fənnə uyğun gəlməyə bilər. Məsələn, bir fəndə mövzuların izahına daha çox vaxt lazım olduğu halda, başqa bir fəndə laboratoriya və ya praktik işlər daha çox vaxt tələb edə bilər. Ona görə də 40/60 bölgüsünü bütün universitetlər üçün vahid qayda kimi təklif etmirəm. Bu nisbətin üstünlüyü hələ elmi araşdırmalarla təsdiqlənməyib. Məncə, əvvəlcə bəzi fənlərdə belə bir bölgünü sınamaq, sonra isə əvvəlki dərs qaydası ilə müqayisədə tələbələrin nəticələrinin yaxşılaşıb-yaxşılaşmadığını yoxlamaq olar.
Əlbəttə, yaxşı mühazirənin yerini də unutmaq olmaz. Müəllimin mürəkkəb anlayışları izah etməsi, mövzunun əsas məqamlarını aydınlaşdırması və tələbələrə istiqamət verməsi vacibdir. Hətta mühazirə zamanı da sual-cavab və qısa tapşırıqlarla tələbələri dərsə cəlb etmək mümkündür.
Nəticə etibarilə, universitetlərdə seminar və praktik məşğələlərə daha çox vaxt ayrılmasının tərəfdarıyam. Lakin bu dəyişiklik yalnız dərs saatlarının yenidən bölünməsi ilə məhdudlaşmamalıdır. Seminarların keçirilmə qaydası və tələbələrin qiymətləndirilməsi də dəyişməlidir. Əks halda, mühazirənin bir saatını azaldıb seminara əlavə etməklə ciddi nəticə əldə etmək çətin olacaq.
Universitetdə tələbənin nə qədər mövzu keçməsi, əlbəttə, vacibdir. Ancaq daha vacibi, onun həmin mövzuları nə dərəcədə başa düşməsi, öyrəndikləri barədə müstəqil fikir yürütməsi və biliklərindən istifadə edə bilməsidir. Məncə, mühazirə və seminarların balansını da buna əsasən müəyyən etməliyik”.




