Akademik borcların arxasında hansı problemlər dayanır?

16 Noyabr, 2026 - 10:47
Akademik borcların arxasında hansı problemlər dayanır?

Ali təhsil müəssisələrində tələbələrin akademik borcları həm onların fərdi məsuliyyəti, həm də tədrisin təşkili və qiymətləndirmə mexanizmləri ilə bağlı müxtəlif səbəblərdən yarana bilər.

Bəs əsl amillər nələrdir?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, təhsil və media mütəxəssisi, tədqiqatçı, təhsil idarəetməsi üzrə doktorant Taleh Mirzəyev bildirib ki, akademik borc problemini yalnız tələbələrin məsuliyyətsizliyi ilə əlaqələndirmək düzgün yanaşma deyil. Bu məsələyə tələbənin fərdi məsuliyyəti, əvvəlki bilik səviyyəsi, öyrənmə vərdişləri, tədrisin təşkili və sosial-psixoloji vəziyyəti kontekstində kompleks yanaşmaq lazımdır: “Tələbələr orta məktəbdən universitetə keçid zamanı yeni təhsil mühiti ilə qarşılaşırlar. Universitetdə onlardan yalnız dərslərdə iştirak etmək deyil, həm də müstəqil öyrənmək, elmi mənbələrlə işləmək, vaxtlarını düzgün planlaşdırmaq və əldə etdikləri bilikləri praktik tətbiq etmək tələb olunur. Bu bacarıqlar kifayət qədər formalaşmadıqda tələbə xüsusilə ilk kurslarda çətinliklərlə üzləşə bilər.

Digər mühüm amil isə tələbənin motivasiyasıdır. Bəzən tələbə seçdiyi ixtisasın gələcək peşə fəaliyyəti ilə əlaqəsini tam dərk etmir və ayrı-ayrı fənlərin əhəmiyyətini qiymətləndirmir. Nəticədə dərslərə davamiyyət, sərbəst işlərin yerinə yetirilməsi və imtahanlara hazırlıq sistemli xarakter daşımır. Belə hallarda tələbənin şəxsi məsuliyyəti və öyrənməyə münasibəti əsas rol oynayır.
Lakin məsələni yalnız bu amillərlə izah etmək olmaz. Tədris prosesinin təşkili də ciddi əhəmiyyət daşıyır. Fənnin məzmununun tələbələrin hazırlıq səviyyəsinə uyğun ardıcıllıqla təqdim edilməsi, nəzəri biliklərlə praktik fəaliyyət arasında əlaqənin yaradılması, müəllimin vaxtında rəy və qeydlər bildirməsi, qiymətləndirmə meyarlarının aydın olması kimi amillər tələbənin akademik nəticələrinə birbaşa təsir göstərə bilər”.

O qeyd edib ki, bəzi hallarda sosial səbəblər də akademik nəticələrə təsir göstərə bilər: “İşləyən, ailə məsuliyyətləri olan və ya uzun məsafə qət edərək universitetə gələn tələbələrin təhsilə ayıra bildikləri vaxt məhdud ola bilər. İmtahan həyəcanı, stres və universitet mühitinə uyğunlaşma çətinlikləri də akademik nəticələrə təsir edən amillər sırasındadır.

Hüquqi çərçivə də bu məsuliyyət bölgüsünü müəyyən mənada əks etdirir. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarda tələbənin fərdi tədris planına riayət etməsi və fənləri mənimsəməsinin tələb edilməsi ilə yanaşı, ali təhsil müəssisəsinin üzərinə tələbənin nəzərdə tutulan kreditləri qazanması üçün şərait yaratmaq öhdəliyi qoyulur.

Ona görə də bu məsələdə bir amili digərindən üstün tutmaq əvəzinə hər bir halın ayrıca araşdırılmasını vacib hesab edirəm. Bir tələbədə akademik borcun səbəbi davamiyyətsizlik, digərində biliklərin yetərsizliyi, başqa birində isə sosial problemlər və ya öyrənmə çətinlikləri ola bilər. Universitetin vəzifəsi bu səbəbləri müəyyənləşdirmək, tələbənin vəzifəsi isə öz təhsilinə məsuliyyətlə yanaşmaqdır”.

T.Mirzəyev vurğulayıb ki, akademik borcun yaranmasını avtomatik olaraq nə tələbənin fənni mənimsəyə bilməməsi, nə də qiymətləndirmə sisteminin qüsurlu olması kimi şərh etmək doğrudur: “Bunun üçün konkret bir fənn üzrə nəticələrə, tədris prosesinə və qiymətləndirmə mexanizmlərinə baxmaq lazımdır.

Bəzi fənlər əvvəlki bilik və bacarıqlar üzərində qurulur. Tələbənin həmin biliklərində boşluqlar varsa, növbəti mövzuları mənimsəməsi çətinləşir. Məsələn, riyazi biliklərin mərhələli şəkildə formalaşdığı fənlərdə və xarici dil tədrisində ilkin hazırlıq səviyyəsi sonrakı nəticələrə də ciddi təsir edə bilər. Bu cür hallarda yalnız imtahanqabağı hazırlıq deyil, semestr ərzində sistemli akademik dəstək daha səmərəli nəticə verə bilər.

Digər tərəfdən, qiymətləndirmənin təşkili də təhlil edilməlidir. Tələbələrə fənnin əvvəlindən qiymətləndirmə meyarları sillabusda aydın şəkildə təqdim edilməli, imtahan tapşırıqları fənnin təlim nəticələrinə uyğun olmalı, tələbənin biliyi isə müəyyən edilmiş qaydalara əsasən obyektiv qiymətləndirilməlidir. Qiymətləndirmənin şəffaflığı tələbəyə öz hazırlıq səviyyəsini anlamağa və çatışmazlıqlarını aradan qaldırmağa kömək edir.

Ali təhsildə kreditlərin qazanılması semestr ərzindəki aralıq qiymətləndirmələr və imtahan nəticələrindən formalaşır. Müvafiq qaydalara əsasən, tələbə fənn üzrə tələb olunan müvəffəqiyyət nəticəsini əldə etmədikdə akademik borcu yaranır. Üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmək də müəyyən edilmiş şərtlər daxilində bu nəticəyə səbəb ola bilər. Qaydalar akademik borcu olan tələbəyə təkrar imtahan vermək (kredit dəyərinin 25 faizini ödəməklə imtahan vermək şansı) və ya fənni yenidən dinləmək imkanı da nəzərdə tutur”.

Müsahibimiz qeyd edib ki, əgər tələbələrin konkret bir fənn üzrə davamlı olaraq akademik borcu yaranırsa, bu, artıq siqnal olduğu üçün araşdırılmalıdır: “İlk növbədə tələbələrin həmin fənn üzrə ilkin hazırlığı, mövzuların tədris ardıcıllığı, müəllimin istifadə etdiyi metodlar, aralıq qiymətləndirmələrin nəticələri və imtahanın məzmunu təhlil edilməlidir. Lakin yüksək akademik borc göstəricisi öz-özlüyündə müəllimin tədrisində və ya imtahanda problem olduğunu sübut etmir.

Eyni zamanda, qiymətləndirmə meyarlarını tələbələrin nəticələrinə uyğunlaşdırmaq naminə akademik tələbləri əsassız şəkildə aşağı salmaq da düzgün olmaz. Məqsəd tələbənin biliyini olduğu kimi qiymətləndirmək və ehtiyac olduqda onun bilik və bacarıqlarını inkişaf etdirməkdir”.